Р.Г. Алиев / Книга / Статьи / Публикации / Написать письмо: rafig.aliyev.gudrat@gmail.com

“ƏDALƏT” Qəzeti


30.03.2008


Texniki- peşə məktəblərində Subbakalavr statusu?



Bildiyimiz kimi Milli Məclisdə təhsil haqqında qanun layihəsinin müzakirəsi davam etdiriləcəkdir. Həmin layihəyə məcburi ümumi orta təhsil, yəni 9 sinif təhsilinin mütləq olması haqda bənd salınıb. Bu o deməkdir ki, tam orta təhsil almaq üçün heç kimi sinifdən-sinifə sürüyüb keçirmək məcburiyyəti olmayacaq.

Bu bəndin qəbul olunması o deməkdir ki, artıq ucdantutma hamıdan mütləq ümumi orta təhsil almaq tələb olunmayacaq. Yəni seçim hüququ 9-cu sinif məzunlarının özlərinə veriləcəkdir. Nəhayət, texniki-peşə məktəbləri ümumi orta təhsil məktəblərinin əlavəsinə çevrilməkdən yaxa qurtarmaq şansı əldə edəcəklər. Onlar nəhayət ki, öz əsas işləri ilə-ümumi orta təhsil məktəblərinin məzunlarına peşə təhsili verməklə məşğul olacaqlar.Bu zaman texniki-peşə məktəblərinə imkan veriləcəkdir ki, bütün diqqətlərini üzərlərinə düşən əsas və vacib vəzifəyə- əmək bazarının tələb etdiyi ixtisaslı fəhlə kadrlarının hazırlanmasına yönəltsinlər. Bu həmdə ona görə vacibdir ki, texniki-peşə təhsili sisteminin qarşısında bugünkü əmək bazarında yeni yaranmış daha bir ciddi problemin həlli-obyektiv və ya subyektiv səbəblərdən işsiz qalmış vətəndaşlarımıza əlavə peşələrin öyrədilməsi vəzifəsi durur.

Lakin yenə elə həmin layihədə nəzərdə tutulur ki, 9-cu sinifi bitirmiş məzunlar istəsələr texniki-peşə məktəblərinə daxil olmaqla subbakalavr (ali təhsildən aşağı, orta təhsildən yuxarı) statusu ala bilərlər.Məgər bu ucdantutma hamını sinifdən-sinifə sürüməyin yeni variantı deyilmi? Bu münvalla həmin yeniyetmələrə təklif olunur ki, texniki-peşə məktəblərində eyni vaxtda həm əmək bazarının tələb etdiyi təkmilləşmiş ixtisaslı mürəkkəb fəhlə peşələrinə, həm də orta təhsildən yuxarı təhsilə yiyilənsinlər. 9-cu sinif məzunları eyni vaxtda bu iki mürəkkəb vəzifənin öhdəsindən gələ biləcəklərmi? Onlar bunu bacaracaqlarmı? Axı sirr deyil ki, onların çoxu məhs bunlardan birini-tam orta təhsil proqramını mənimsəyə bilmədikləri üçün texniki-peşə məktəblərinə üz tuturlar.

Bu məsələnin tarixinə nəzər salaq:

Texniki-peşə məktəblərinin yaradılmasında məqsəd məktəblərdən bura gələn yeniyetmələrə orta təhsil yox, peşə təhsili vermək idi.Bu zaman nəzəri təlim proqramları ancaq xüsusi ümumitexniki fənlərdən təşkil edilərək, istehsalat təliminə təhsil müddətinin 60%-i sərf edilirdi. Lakin keçən əsrin 70-ci illərində ümumitəhsil məktəbləri məcburi tam orta təhsil proqramını yerinə yetirə bilmədikləri üçün "partiya və hökumət" bu vəzifəni texniki-peşə məktəblərinə də sırımışdı. Hətta ona belə bir ad da qoymşudu- orta texniki-peşə məktəbi" (orta TPM). Həyat göstərdi ki, həm bu, həm də o biri vəzifə layiqincə yerinə yetirilə bilmədi. Amma ən narahat edici məsələ o oldu ki, peşə məktəblərinin başlıca vəzifəsi yəni şagirdlərə peşə təhsili vermək vəzifəsi arxa plana keçdi. İndi gəlin baxaq görək Təhsil Nazirliyinin tərkibində olan bugünkü texniki-peşə məktəbləri subbakalavr statusu bir yana, heç 11-ci sinifi bitirmiş məzunlara indiki əmək bazarının tələbatına uyğun peşə təhsili verə bilirlərmi?

Buna Bakı texniki-peşə təhsili sisteninin timsalında nəzər salaq.

Bakı texniki-peşə təhsili sistemində təkmilləşmiş ixtisaslı fəhlə kadrlarının hazırlanması üçün peşə təhsili prosesini təşkil etmək məqsədi ilə yaradılan struktur Təhsil Nazirliyi tərəfindən ləğv edildi. Halbuki bu strukturun təşkilatçılığı sayəsində texniki-peşə məktəblərinin emalatxanalarında şagirdlər təlim prosesi zamanı peşə ixtisaslarının sirrlərinə yiyələnməklə bərabər həm də faydalı məhsullar istehsal edirdilər. İndi bunların hamısı ləğv edilib. Yoxdur! Nəticədə bir çox texniki-peşə məktəblərinin təlim emalatxanalarında məhsul istehsal olunmur. Ona görə də bu gün şagirdlərin ixtisaslı fəhlə prşələrinin sirlərinə yiyələnmələrindən, deməli işə götürənin maraqlarının təmin olunmasından söhbət belə gedə bilməz. Yüz illərdir ki, butün dünyada olduğu kimi Azərbaycanda da şagirdin hər hansı peşəni öyrənməsi üçün məhsulun sahəsindən başlayaraq mürəkkəbinə doğru tam hazırlanma prosesini öyrədən usta yanına təyin edərdilər. Amma bugünkü texniki-peşə məktəblərində şagirdlərin peşə "təlimi" prosesi məhsul istehsal edilmədiyi şəraitdə qurulur. Eləcə də şagirdlərin nəzəri təlim prosesi də aşağı səviyyədədir.Texniki-peşə məktəblərində nəzəri təlim prosesinin maddi-texniki bzasının yaradılması üçün Bakı texniki-peşə təhsili sisteminin təlim kabinetlərini əmək pedaqoqikası və texniki estetikanın tələblərinə uyğun apardığı iş faydalı məhsul istehsalı üzrə istehsalat təlimi prosesinin ləğvindən sonra dayandırıldı. Maddi-texniki baza isə yeniləşdirilmədiyindən dağıldı.15 il ərzində texniki-peşə təhsili sistemini dağıtmaqla məşğul olan Təhsil Nazirliyi daha dərinə gedərək Bakı texniki-peşə məktəblərinin binalarının yarısını kənar təşkilatlara verdi. Belə bir şəraitdə Təhsil Nazirliyinin tabeçiliyində olan cüzi maliyyə hesabına "fəaliyyət" göstərən texniki-peşə məktəbləri 9-cu sinif məzunlarına həm subbakalavr statusunu, həm də əmək bazarının tələb etdiyi ixtisaslı fəhlə kadrları hazırlamağı bacara bilərlərmi? Əlbətdə ki, YOX! Belə bir vəzifənin öhdəsindən ancaq güclü maddi-texniki bazaya malik olan və əmək bazarının tələb etdiyi ixtisaslı fəhlə kadrlarının hazırlanmasında, eyni zamanda şagirdlərə ümumi orta təhsil verməkdə konkret göstəricilərə və uyğun lisenziyaya layiq texniki-peşə məktəbləri gələ bilər. Texniki-peşə təhsili sistemini indiki struktur ilə idarə edən Təhsil Nazirliyinin son zamanlarda bərbad vəziyyətə saldığı texniki-peşə məktəblərinin yuxarıda göstərilən səviyyədə olmasına inanmaq sadəlövlük olardı. İstisnasız olaraq bütün texniki-peşə məktəblərini (texniki liseyləri) bu prosesə cəlb etmək, nəinki peşə məktəblərini zəif ümumi orta təhsil səviyyəsinə salan Təhsil Nazirliyini dəstəkləmək, həm də yeniyetmələri dövlət səviyyəsində aldatmaq olardı.Şagirdlərin əksəriyyəti bu cür peşə məktəblərini bitirdikdən sonra əldə etdilləri subbakalavr statusunu test imtahanları vasitəsi ilə təstiq edə biləcəklərmi? Yaxud əmək bazarının tələb etdiyi sənətkar fəhlə dərəcəsini təstiq edə biləcəklərmi?

1988-ci ildə Təhsil Nazirliyini yaradaraq uşaq baxçalarını,məktəbləri, ali məktəbləri və texniki-peşə məktəblərini bir yerə yığdılar. Amma sonradan bunun tələsik və yanlış bir addım olduğunu anlayaraq MDB dövlətlərinin əksəriyyəti texniki-peşə məktəblərini bu yığınaqdan ayırmağa başladılar.Səbəb isə budur ki, təhsil sistemi pedaqoji elminin və praktikasının tətkib hissəsidir, lakin texniki-peşə təhsili sistemi isə iqtisadiyyat elminin və praktikasının, həmçinin istehsalatın tətkib hissəsidir. Başqa sözlə texniki-peşə təhsili sistemi "əmək və kadr" sahəsinə aid edilir ki, burada 15% pedaqoqikanın, qalan 85% isə ekonomikanın, praktikanın və istehsalatın payına düşür.Təəssüflər olsun ki, Təhsil Nazirliyinin başında duran və tez-tez dəyişilən, ixtisaslı fəhlə kadrlarının hazırlanmasından başı çıxmayan sırf maarif işçiləri bu fərqi anlamadılar. Onlar təlim-istehsalat ocağı sayılan texniki-peşə məktəbləri ilə sırf təhsil müəssisələri olan məktəblərin, ali təhsil ocaqılarının, texnikumların fərqini dərk etmədilər.Fəaliyyətinin 60%-indən çoxunu ixtisaslı fəhlə kadrlarının hazırlanmasına sərf edən bir strukturu bu nazirliyin məmurlarının caynağına verdilər. Bu cür məmurlar isə "başa düşülməyən" texniki-peşə məktəblərini "başa düşülən" peşə yönümlü zəif ümumitəhsil məktəblərinə çevirdilər. "Subbakalavr" ideyası da elə bu siyasətin davamıdır.

Bunun nəticəsidir ki, Bakının texniki-peşə məktəbləri 10 ildən artıqdır ki, əksər peşələr üzrə ixtisaslı fəhlə kadrları hazırlamır. Halbuki bu gün Bakının sənaye müəssisələrinin ixtisaslı fəhlə kadrlarına olan tələbatı şəhərin texniki-peşə məktəblərinin var qüvvəsi ilə çalışaraq hazırlaya biləcəklərindən də çoxdur.Məsələn, paytaxtda inşaat işlərinin geniş vüsət aldığı bir vaxtda ixtisaslı inşaatçı fəhlələrə böyük ehtiyac olduğuna baxmayaraq Bakı texniki-peşə məktəblərində faktiki olaraq inşaatçı fəhlə kadrları hazırlanmır.

Doğrudanmı heç kim görmür ki, texniki-peşə təhsilinin acınacaqlı vəziyyəti 15 il ərzində Təhsil Nazirliyi tərəfindən gizlədilərək cəzasızlıq şəraitində darma-dağın edilir?

MDB dövlətlərinin çoxunda texniki-peşə təhsili sisteminin Təhsil Nazirliyinin tərkibində gələcəyinin olmadığını dərk edərək, onun ləkələndiyini və dağıldığını görərək ya Texniki-peşə Təhsili Komitəsi, ya da Qırğızıstsnda olduğu kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində müstəqil fəaliyylt göstərən ayrıca bir qurum yaradıbdılar.

Bu ən düzgün qərardır. Ona gödə ki, bu gün texniki-peşə məktəblərinin əvvəlki kimi baza müəssisələrinin olmadığı bir şəraitdə müəssisələrin və biznes strukturlarının ixtisaslı fəhlə kadrlarına olan sifariş-tələbnamələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşgulluq Mərkəzlərində cəmləşmişdir. Bundan başqa işsizlər və hər hansı bir səbəbdən işsiz qalan və yeni peşəyə yiyilənmək məcburiyyətində qalan inasnlar haqda məlumatlar da ilk olaraq onlara verilir.

Bizim Respublikaya gəldikdə isə ümid edirik ki, Nazirlər Kabineti texniki-peşə təhsili sistemində özünün yaratdığı "Tədris İstehsalat Birliyinin" ləğv edilməsinin hüquqi cəhətdən qanuniliyini araşdıraraq onu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində bərpa edəcəkdir.


Rafiq Q. Əliyev

İlham S. Əliyev

Hüseyn Y. Əliyev

Texniki-peşə təhsili

sisteminin dirçəlişi

üçün təkliflər hazırlayan textiki-peşə təhsili

mütəxəssislərinin

təşəbbüs qrupu

Copyright © 2009 Azerin LLC