Р.Г. Алиев / Книга / Статьи / Публикации / Написать письмо: rafig.aliyev.gudrat@gmail.com

“ƏDALƏT” Qəzeti


06.04.2010


Texniki-peşə təhsili



Sözün məğzinə keçməzdən əvvəl bir təəssüratı bölüşmək yerinə düşər.

Bakıdan Xaçmaza gedən yolun qırağındakı kəndlərdən birində quraşdırılmış lövhə diqqətdən yayınmır: Texniki-peşə məktəbi. Keçmişə uğramış sovet hakimiyyəti dövründə burada həmişə bir canlanma hökm sürdüyünün şahidi olan, yəqin ki, az deyildir. Kənd təsərrüfatı texnikası nümunələrindən əyani vasitə kimi istifadə edilməklə açıq səma altında kənd sakinlərinin uşaqları dərs alırdılar. Orta məktəbin səkkizinci sinfindən buraya daxil olan şagirdlər həm kənd təsərrüfatı sahəsində rayon üzrə təlabat duyulan texniki peşələrə yiyələnir və həm də orta təhsillərini davam etdirirdilər.

Müstəqillik dövründə isə və xüsusən texniki-peşə, orta texniki, həmçinin ali təhsil ocaqları eyni bir nazirlik tərəfindən idarə edilməyə başlandığı ildən etibarən Xaçmaz rayonundakı həmin məktəbin ətrafında bir boşluq yaranmış, bu yer sanki yiyəsiz qalmışdır.

Sual yaranır: bəlkə Xaçmazın münbit torpaqlarında işlətmək üçün kənd təsərrüfatı texnikası vasitələrinə ehtiyac qalmamışdır? Odur ki, texniki-peşə məktəbinin qayğısına qalmaq da heç kimə lazım deyil? Əksinə, rayonda aqrar-serviz bölmələri kəndlilərə öz texniki xidmətlərini əsirgəməyir. Əlavə, qazancları da kifayət qədər yüksəkdir. Kəndlilər bəzən hətta bahaçılıqdan narazılığını bildirirlər. Buna yalnız bir izahat vermək olar: aqrar-serviz bölmələrinin azlığından onların arasında rəqabətə yol verilmir. Deməli, ixtisaslı texniki-peşə mütəxəssislərinə təlabat ödənilmədən qalır. Əks halda həmin serviz bölmələrinin sayı daha çox olar və onların arasında yaranan rəqabət sayəsində xidmət qiymətləri həmişə kəndlilər üçün kafi səviyyədən yüksəyə qalxa bilməzdi.

Gətirdiyimiz misal yalnız Xaçmaza yox, təəssüf ki, respublikamızın bir çox başqa rayonlarına aiddir. Bu cür vəziyyət yalnız kənd təsərrüfaiında deyil, demək olar iqtisadiyyatın digər sahələrini də əhatə edir. Özü də ki, eyni görüntülərə MDB-nin bütün ölkələrində təsadüf edilir.

Dediyimiz baxımdan tədqirəlayiq bir vacib tədbirin ötən ilin may ayında Belarusun paytaxtı Minsk şəhərində keçirilmiş beynəlxalq konfrans olmuşdur. Müzakirəyə çıxarılan mövzu öz-özlüyündə böyük maraq kəsb edir: "Texniki-peşə təhsili və davamlı inkişaf üçün təhsil sitemi". Orada əldə olunan əsas nəticələrdən biri də ondan ibarətdir ki, postsovet məkanında texniki-peşə təhsili sahəsinin inkişafında hər bir dövlətə xas olan milli ənənələr mövcuddur ki, bu da onların ictimai-siyasi durumunun səviyyəsindən irəli gəlir. Ancaq buna baxmayaraq, ümumi yanaşma üsulları heç də istisna edilə bilməz. Buna əsas olaraq həmin dövlətlərin uzun müddət ərzində sovet hakimiyyəti şəraitində ümumi inkişaf yolu keçməsi göstərilir.

Zənnimizcə, Azərbaycanda olduğu kimi, digər keçmiş sovet respublikalarında da texniki-peşə təhsilinin tənəzzülə uğraması əsasən bircə amillə izah olunur - bu sahə öz idarəçiliyində müstəqilliyindən məhrum olmuşdur.

Halbuki sosialistcəsinə təsərrüfatçılıq dövründə sistem yarandığı ildən başlayaraq xüsusi ayrıca qurumların idarəsi altında fəaliyyət göstərirdi. Lap əvvəl bu texniki-peşə təhsili üzrə dövlət komitəsi, sonradan SSRİ əmək ehtiyatları və yenidən sahə üzrə dövlət komitəsi olmuşdu. Bu qurumlar öz vaxtlarının inzibatçılıq nöqsanlarından azad olmasa da hər halda müstəqil idilər.

Sovetlər ölkəsində yalnız iqtisadi islahatların həyata keçirildiyi və bazar iqtisadiyyatı münasibətləri amillərinin tətbiq olunduğu şəraitdə sitemə rəhbərlikdə inzibatçılıqdan uzaqlaşmaq mümkün olmuşdur. Həmin illərdə dövlət texniki-peşə təhsili komitəsinin tərkibində yeni tipli ictimai dövlət idarəçilik qurumları yaratmağa başlayırlar. Bunlar öz quruluşu cəhətdən təsərrüfat hesablı təlim-istehsal birlikləri olmaqla tədricən azad iqtisadiyyat münasibətlərinə keçməyə imkan yaratmışdır. Məsələn, Bakıda da bu cür üsula üstünlük verilmişdi. Tədris işlərinin birgə təşkilini və idarə olunmasını təmin etməkdən ötrü texniki peşə məktəbləri və onların təşəbbüsü ilə yaradılmış özəl istehsalat müəssisələri təsərrüfat hesablı sövdələşmələr əsasında öz imkanlarını cəmləşdirmişdilər. Həmin təcrübənin sərfəliliyi bir çox mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmiş və bu məsələ respublika və ittifaq səviyyəli mətbuat səhifələrində işıqlandırılaraq geniş təbliğ olunurdu. Bundan əlavə 1988-ci ildə Moskvada baş tutmuş Ümumittifaq miqyaslı müəllimlər qurultayı Bakı təcrübəsinin respublikaların hər birində tətbiq olunmasına tövsiyə etmişdi. Sonrakı ildə isə SSRİ Ali Sovetinin elm, təhsil və tərbiyə komitəsi tərəfindən də eyni qərara imza atıldı. Oradan Azərbaycan hakimiyyətinə bir göstəriş də göndərilmişdi ki, texniki-peşə təlimi sisteminin inkişafına yönələn tədbirlərin həyata keçirilməsində Bakı "Proftox" birliyinin istehsalat təcrübəsi bir əsas kimi qəbul olunur. Təsərrüfat islahatları şəraitində bu qurumun böyük əhəmiyyətə malikliyi nəzərə alınmaqla toxunulmazlığı təmin edilsin. Buna cavab olaraq respublika təhsil nazirliyinin nəzdində xüsusi tədris-istehsalat birliyi yaradılaraq fəaliyyətə başladı. SSRİ məkanında eyni vəzifəli qurumlar arasında hüquqi status ilk dəfə olaraq məhz ona verilmişdi. Öz möhürü və bank hesabı əlbəttə vacib işin öhdəsindən gəlməkdə etibarlı dəstək idi. Bunsuz o dövrün şəraitində müəssisələrin ixtisaslı fəhlə işçilərinə olan tələbatını ödəmək mümkün ola bilməzdi. Hər halda sistem özünü maliyələşdirməklə dövlət himayəsindən tam asıllığı ilə qurtara bilmişdi. Məsələn, ötən əsrin səksəninci illərində "Proftex" birliyi lazımi istehsal avadanlığının satın alınmasında qiymətlərin 60 faizini öz hesabına ödəyirdi. Sözsüz, 1988-ci ildə birlik o vaxtın komsomol mükafatına layiq görüləndə digər göstəricilərlə yanaşı bu cəhət də nəzərə alınmışdı.

Deyilənlərə baxmayaraq təhsil nazirliyi birgə qurumtək fəaliyyətə başlandığından bir az sonra bir növ özündə boşluğa yol verməklə xüsusi texniki-peşə təlimi birliyinin ləğv edilməsinə əmr verdi. Bu sənaye idarəçiliyi öz tərkibində yaradılmış kiçik bir şöbəyə həvalə edildi. Nəticədə ixtisaslı fəhlə işlərinin hazırlanmasında xoşəgəlməz bir vəziyyət yarandı. Texniki-peşə ocaqları kollec və yaxud litsey adları altında ümumtəhsil məktəbləri ilə bərabərləşdirildi. İstehsalat avadanlığı dağıdıldı, bəzi hallarda isə həmin ocaqların binaları təhsil sistemindən tamamilə kənar olan təşkilatlara icarəyə verildi.

Ötən il Milli Məclisdə nəhayət çoxdan müzakirələrdə olan bir layihə təsdiq olunaraq "Təhsil haqqında qanun" kimi qüvvəyə mindi. Bu sənəddə texniki-peşə təlimi barədə ayrıca bir bənd olmasa da bir şey diqqəti cəlb edir. Mütləq ümumtəhsil əvvəllər olduğu kimi on və yaxud on bir sinif deyil, doqquzdur. Ali məktəblərə daxil olmaq istəyən şagirdlər oxumaqda davam edə bilərlər. Doqquzuncu sinifdən irəli gedə bilməyənləri məcburi şəkildə kamal attestatını alınandək daha heç kim cəhd göstərməyəcək. Bəs onlar nə etməlidirlər? Peşə sahibi olmadan işə düzəlmək indiki şəraitdə mümkün deyil, texniki-peşə məktəbləri isə yox dərəcəsindədir. Belə çıxır ki, gənclərimizin bir hissəsi dövlət qayğısından kənarda qalır. Nədəndir ki, bir həqiqət nəzərə alınmır: gənclər millətin gələcəyidir! Bəlkə qanuna müvafiq bir əlavə edilməlidir ki, ixtisaslı fəhlə işçilərin hazırlanması sisteminin dirçəlişinə yol açılsın. Biz də ki, buna bir misal kimi deyirik, Bakıdan Xaçmaza gedəndə yol kənarındakı texniki-peşə məktəbinin tam yiyəsiz qalmasına təəssüf etməyək.

Rafiq Əliyev Bakı "Proftex" birliyinin sabiq sədri, Mais Hacıyev jurnalist

Copyright © 2009 Azerin LLC