Р.Г. Алиев / Книга / Статьи / Публикации / Написать письмо: rafig.aliyev.gudrat@gmail.com

“Təzadlar” Qəzeti


29.07.2010


Texniki-peşə təhsili



Texniki peşə təhsili sistemi necə dağıdılır?

Liseylərdə nə əmək bazarının tələb etdiyi səviyyədə peşə öyrədilir, nə də lazımi səviyyədə tam orta təhsil

2009-cu ilin mayında Minsk şəhərində MDB dövlətlərinin təhsil nazirlərinin iştirakı ilə "Texniki peşə təhsili və dayanıqlı inkişaf üçün təhsil" mövzusunda beynəlxalq forum keçirilmişdir.

"Təzadlar" qəzeti redaksiyasına


Hörmətli redaksiya!

Azərbaycanda ixtisaslı fəhlə kadrları hazırlayan sistem Təhsil Nazirliyinin tabeliyinə keçəndən sonra həmin sistem dağılmağa məruz qaldı və hazırda demək olar ki, böhran vəziyyətini yaşamaqdadır. Bütün bunlar bir çox illər ərzində ictimayyətdən gizlədilir, cüzi bir informasiya sızmasına yol verilmir.

Texniki peşə təhsili mütəxəssislərin müstəqil təşəbbüs qrupu bu sahənin həqiqi vəziyyəti barədə ictimaiyyəti müntəzəm olaraq xəbərdar etməyi öhtəsinə götürmüşdür. Bu işdə bir çox KİV rəhbərləri bizi dəstəkləyir. Sizin də qəzetinizdə bizim təşşəbbüs qrupumuzun üzvlərinin "Texniki peşə məktəblərində Subbakalavr statusu?" (30.03.2008), "Peşə məktəbləri... bu gün hansı vəziyyətdədir?" adlı dəyirmi masası (18.07.2008) və "Texniki peşə təhsili" adlı məqalələrini dərc etdiyiniz üçün Sizə təşəkkür edirəm.

Texniki peşə təhsili sistemi dağılmaqda davam etməkdədir, amma bu sahə üçün məsuliyyət daşıyan rəhbər məmurlar bütün imkanlara malik olsalar da problemləri öyrənməyə qətiyyən cəhd göstərmirlər. Onlar dövri mətbuatda sahənin tənəzzülü haqda həyəcan təbilinin səsini eşitmirlər, bu tənəzzülün aradan qaldırılması yollarını göstərən təkliflərə isə biganəlik göstərilir.

Təhsil Nazirliyi sistemi elə günə salıb ki, "Təhsil haqqında" yeni qanun qüvvəyə mindikdən sonra texniki peşə liseyləri yeni şəraitdə özünüməhvə məhkumdur. Belə ki, onlar şagirdlərə nə orta təhsil vermək, nə də əmək bazarının tələbləri səviyyəsində ixtisaslı fəhlə kadrları yetişdirmək iqtidarında deyillər.

Azərbaycan texniki peşə təhsili sisteminin yaranmış vəziyyətdə tamamilə məhv ola bilməsi təhlükəsindən xilas olması üçün kütləvi informasiya vasitələrinin bu haqda ictimaiyyətə daha ətraflı məlumat vermələrinə böyük ehtiyac duyulur.

Sizin diqqətinizə ölkəmizdə texniki peşə təhsili sisteminin ardıcıl şəkildə dağıdılması prosesi haqqında arayış təqdim edirəm.

ümid edirəm ki, təqdim etdiyim arayış respublikamızda texniki peşə təhsili sisteminin həqiqi vəziyyətini işıqlandırmaqda Sizin müxbirlərə yardım olmaqla yanaşı, yalnış məlumatları xəlbirdən keçirməyə də vadar edəcək.

Hörmətlə,
Rafiq Əliyev



Forumda possovet məkanında texniki peşə təhsili sisteminin necə yaşaması haqqında söhbər getdi və təhsil təsisatlarının rəhbərlərinin yaxın vaxtlarda həll etməyi planlaşdırdıqları məsələlər müəyyən edildi.

Bakı texniki peşə təhsili mütəxəssislərinin müstəqil təşəbbüs qrupu bazar iqtisadiyyatı şəraitində Azərbaycanda peşə məktəblərini idarə edən alternativsiz idarəetmə strukturunun layihəsini işləyib hazırlamışdı.

Texniki peşə məktəblərinin problemlərinin həlli kimlərin əlindədir?

Azərbaycanda ixtisaslı fəhlə kadrlarının hazırlanması sahəsində böhran yaranıb. Ona görə ki, bu sahə müstəqil deyil və 1988-ci ildə keçmiş üç təhsil təsisatının birləşməsi nəticəsində yaradılan bir qeyri-mükəmməl şöbənin idarəçiliyi altındadır. Halbuki bu sistem yarandığı gündən əvvəlcə Texniki peşə Təhsili Baş Komitəsinin, sonra Dövlət əmək ehtiyatları Komitəsinin və nəhayət, Texniki peşə təhsili üzrə Dövlət Komitəsinin himayəsi altında sərbəst bir sahə kimi fəaliyyət göstərirdi.

Texniki peşə məktəblərini hazırda idarə edən qurum onları ümumtəhsil məktəbləri ilə bərabər tutur. Lakin peşə məktəbləri tədris-istehsalat müəssisəsidir və məhsul istehsalçısı qismində çıxış etməklə, eyni zamanda həm təhsil sahəsinə, həm də iqtisadiyyat kompleksinə daxildir.

Təhsil Nazirliyi texniki peşə məktəblərində şagirdlərin peşə təhsili prosesini lazımi səviyyədə təşkil edə biləcək tədris-istehsalat mexanizmini yarada bilmir. Ona görə də əsasən şagirdlərin ümumtəhsil hazırlığıni önə çəkir. Peşə məktəbləri qondarma peşəyönümlü zəif ümumtəhsil məktəbləri səviyyəsinə endirilmişdir. Şagirdləri bu məktəblərə cəlb etmək məqsədilə onlara "təmtəraqlı" peşə litseyi statusu da verirlər. Bununla belə, bu litseylərə ümumtəhsil məktəb məzunlarının ancaq 6 faizi daxil olurlar. Şagirdlər bu liseylərə gəlmirlər. çünki orada nə əmək bazarının tələb etdiyi səviyyədə peşə öyrədilir, nə də lazımi səviyyədə tam orta təhsil.

Texniki peşə təhsili ümumi sistemdən təcrid olunub, buradan real vəziyyət haqqında hər hansı bir məlumat sızmasının qarşısı alınır. Təhsil Nazirliyi əsl vəziyyəti ictimaiyyətdən gizlədir. Sistemin dağıdılması isə davam edir. Bu sahə üçün məsuliyyət daşıyan rəhbər məmurlar bütün imkanlara malik olsalar da, problemləri öyrənməyə qətiyyən cəhd göstərmirlər. Onlar dövri mətbuatda sahənin tənəzzülü haqda həyəcan təbilinin səsini eşitmirlər, bu tənəzzülün aradan qaldırılması yollarını göstərən təkliflərə isə biganəlik göstərirlər.

***

Peşə məktəblərini tədris-istehsalat ocağı kimi qəbul etmək qabiliyyəti olmayan Təhsil Nazirliyinin bəzi məmurları mətbuatda "Texniki peşə məktəbləri ilə ümumtəhsil məktəbləri əkiz qardaşdırlar" mövzusunda ağızlarına gələni danışırlar. Onların dediyinə görə, peşə litseylərində (peşə yönümlü ümumtəhsil məktəbləri) müvəffəqiyyətlə ixtisaslı fəhlə kadrları hazırlanır.

Məsələn, belə televiziya verilişlərinin birində iştirak edən Kulinar-Qənnadı-Satış peşə məktəbinin direktoru çıxış edərək, şövqlə deyir ki, nəinki Bakının ən yaxşı restoranlarında, hətta xaricdə də bu məktəbin aşpaz məzunlarını məmnuniyyətlə işə götürürlər. Doğrudanmı bu, belədir?

Aşpazlar üçün istehsalat təlimi proqramında tədris dövründə bir şagirdin yüzdən çox fərqli xörəklər, salatlar və başqa yeməklər hazırlaması nəzərdə tutulur. Həm də bunun üçün heyvan, quş əti, balıq, meyvə, tərəvəz və bir çox başqa ərzaqlar tələb olunur. Nəzərə alsaq ki, bir qrupda 15 şagird oxuyur, onda tədris proqramını tam mənimsəmək üçün bu şagirdlərin hamısı bir yerdə yuxarıda adı çəkilən 1500-ə qədər məmulat hazırlamalıdırlar. Kulinar peşə məktəbinin özü dövlət büdcəsindən ayrılmış cüzi vəsait hesabına bütün bu prosesi təşkil etməyi bacararmı? Bu vəsaitə həmin məktəbin direktoru alsa-alsa bir kisə un ala bilər. Ondan da yalnız "lapşa" hazırlamaq olar ki, bunu da direktor televiziya tamaşaçılarının qulağından asmağa çalışır.

Məsələn, veriliş iştirakçıları diplomu olmayan aşpazları, konditerləri, barmenləri, restoranların və şadlıq saraylarının ofisiantlarını kulinar-qənnadı-satış peşə məktəbinə oxumağa göndərməyi müzakirə edirdilər. Bu o deməkdir ki, bütün komplekt avadanlıqlarla, material və ərzaqla təmin olunmuş işçiləri işdən çıxarıb heç nəyi olmayan kulinar texniki peşə məktəbinə göndərmək lazımdır. Nəyin naminə? Yalnız kimlərinsə "diplom bazarını" genişləndirmək üçünmü?


Halbuki bu problemi Kulinar peşə məktəbləri Təhsil Nazirliyinin tərkibinə qatılana qədər uğurla həll edirdilər. Şagirdlərin istehsalat təlimi prosesi istər məktəbin təlim emalatxanasında, istərsə də texpeşənin yaratdığı "Məşəl" kafesində, "Gənc fəhlə" maqazin-salonunun nəzdindəki kafedə, peşə məktəblərinin yeməkxanalarında və başqa obyektlərdə özünümaliyyə prinsipi əsasında aparılırdı. Bu təsərrüfathesablı obyektlərdə şagirdlər kulinariya və konditer məmulatları hazırlayırdılar və onların satışından əldə olunan vəsaitə isə lazımi miqdarda ərzaq alınırdı. Bu isə öz növbəsində istehsalat təlimi proqramında nəzərdə tutulan müxtəlif çeşidli xörəklər, məmulatlar hazırlamağa və şagirdlərin əmək haqqını ödəməyə imkan yaradırdı.

***

Təhsil Nazirliyinin məmurlarınin anlamadıqlarından texniki peşə məktəbləri ilə birlikdə istehsalat təlimi prosesini təşkil etmək üçün partnyor olan təsərrüfat hesablı bu və ya digər obyektlərin ləğvi ona gətirib çıxardı ki, bu şəraitdə onlar nəinki fəhlə peşələrini mənimsəyə bilmirlər, həm də gəlirdən məhrum olurlar. Son nəticədə isə onsuz da cüzi dövlət büdcəsi hesabına fəaliyyət göstərən texniki peşə məktəbləri müflisləşirlər. Elə ona görə bu sahədə rəhbərlik etdikləri qrup şagirdlərinin istehsalat təlimi prosesi dövründə qazanclarının miqdarından asılı olaraq istehsalat təlimi ustalarının əmək haqlarına şirnikləşdirici əlavələr olunması praktikası da dayandırıldı. Yaxşı ustaların əksəriyyəti peşə məktəblərini tərk edərək müxtəlif biznes-strukturlarda çalışırlar və yaxşı da qazanırlar. Texniki peşə məktəblərində təcrübəli mühəndis-pedaqoji işçilərin olmamasının başlıca səbəblərindən biri də budur. Almaniya xalq universiteti beynəlxalq əməkdaşlıq institutunun nümayəndələrinin qənaətinə görə, respublikanın texniki peşə məktəblərinin ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının müasir biliklərinin çatışmazlığı, yeni təlim metodlarının yoxluğu, keyfiyyətcə köhnəlmiş tədris üsulu müasir tədris prosesinin tələblərinə cavab vermir.

Bu həyati əhəmiyyətli problemi Təhsil Nazirliyində necə həll etməyə hazırlaşırlar? Məsələn, texniki peşə məktəblərinə rəhbərlik edən şöbənin müdiri istehsalat təlimi ustalarını alınacaq avadanlıqla işləməyə öyrətmək üçün həmin avadanlığı istehsal edən müəssisələrə göndərməyi düzgün hesab edir. Hətta bu məmurun xəbəri yoxdur ki, texniki peşə məktəblərində fəhlə peşəsinin əlifbası istehsalat təlimi ustalarına yox, şagirdlərə öyrədilir. İstehsalat təlimi ustasının ən azı xüsusi orta texniki təhsili (texnikum təhsili) və ixtisas dərəcəsi peşə məktəbinin məzunu uçun müəyyən edilmiş dərəcədən iki pillə yüksək olmalıdır. Nazir isə bu problemin səbəbini ali təhsil ocaqlarında peşə məktəbləri üçün lazım olan mütəxəssislər hazırlanmadığında görür. Güya ki, ali təhsil ocaqları Təhsil Nazirliyinə tabe deyil. Axı nazirlikdə bilməlidirlər ki, hər ali məktəb yox, ancaq xüsusi ali texniki peşə ocaqları bu cür mütəxəssislər hazırlaya bilərlər. Bu təhsil ocaqlarının kontingenti texniki peşə məktəblərinin, texnikumların məzunlarından və gənc istehsalçılardan ibarət olmalıdırlar. Buradan körünür ki, texniki peşə məktəblərinin problemlərinin həlli mütəxəssislərin əlində deyil.

Xaric bizə nə kömək edəcək?

Texniki peşə məktəblərini idarə edən şöbənin bacarıqsızlığını təsdiq etməyə məcbur olan Təhsil Nazirliyinin rəhbər məmurları müntəzəm olaraq KIV-də bəyan edirlər ki, xaricilər bizim texniki peşə təhsili sistemini ayağa qaldıracaqlar. Gör neçə illərdir gözləyirik ki, ayrı-ayrı beynəlxalq təşkilatların nümayəndələri texniki peşə təhsili sistemindəki vəziyyətlə tanış olmaq və birgə layihələr hazırlamaq üçün danışıqlar aparmağa ölkəmizə gələcəklər. Bildirirlər ki, layihələr Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər) çərçivəsində YUNESKO-nun, ümumdünya Bankının, Avropa Təhsil Fondunun, Beynəlxalq Əmək Təşkilatının, Yaponiya Beynəlxalq Əmək Bankının, DAEWOO korporasiyasının və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə reallaşacaq. Amma bütün bunlar ya cəmiyyəti sakitləşdirməyə, ya da aldatmağa hesablanmışdır.

Xarici donor təşkilatları ilə bağlanmış iki müqavilə iflasa uğradı. Belə ki, yaponlar respublikanın texniki peşə təhsili sistemindəki vəziyyəti təhlil edərək, belə qənaətə gəldilər ki, Azərbaycanda bu sistem de-yure var, de-fakto isə əmək bazarının tələb etdiyi səviyyədə fəhlə kadrları hazırlayan sistem kimi fəaliyyət göstərmir. Buna görə də əməkdaşlıqdan imtina etdilər.

(Davamı var)

Rafiq Əliyev,

Texniki Peşə Təhsili Mütəxəssisləri təşəbbüs qrupunun rəhbəri

Copyright © 2009 Azerin LLC