Р.Г. Алиев / Книга / Статьи / Публикации / Написать письмо: rafig.aliyev.gudrat@gmail.com

“Təzadlar” Qəzeti


31.07.2010


Texniki peşə təhsili sistemi necə dağıdılır?



(Əvvəli ötən sayda)

Xaric bizə nə kömək edəcək?

Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti 3 il ərzində texniki peşə məktəblərinin və liseylərin mühəndis-pedaqoji işçilərinin tədris-metodiki biliklərinin təkmilləşdirilməsi üçün seminarlar keçirməsinə baxmayaraq, respublika texniki peşə məktəblərində onların tövsiyələrini tətbiq etməyi bacarmadılar. Azərbaycan texniki peşə təhsilində Koreya sisteminin yaradılacağı haqda səsləndirdikləri bəyanat da uydurmadır. Koreyanın "Daewoo" şirkəti Azərbaycanda texniki peşə təhsili mərkəzi yaratmağa başladı. Bu sevindirici haldır. Amma bu heç də respublika texniki peşə təhsilində Koreya sisteminin yaradılması demək deyil. "Daewoo" təhsil ocağı deyil. O ancaq öz şirkətində fəhlə hazırlamaq layihəsini təklif edə bilər. Bəs belə bir sistem bizə yarayırmı? Axı bizdə fəaliyyət göstərən kiçik və orta biznes strukturları işin tam maliyyələşdirilməsini böyük şirkət olan "Daewoo" kimi öz üzərilərnə götürməyi bacarmazlar.

Misir Mərdanov bəyan etdi ki, nazir

liyin nümayəndələrinin Almaniyaya səfərindən sonra texniki peşə təhsili sahəsində birgə layihələrin həyata keçirilməsi üçün imkanlar yaranmışdır. Almaniyada fəhlə kadrlarının hazırlanması təcrübəsinin nazirdə maraq oyatmasının səbəbi odur ki, orada peşə təhsili verən peşə məktəbləri müəssisələrlə müqavilələr əsasında fəaliyyət güstərir. Şagirdlərin təhsil haqlarını ödəməklə bərabər işə götürən öz müəssisəsində şagirdlərin peşə təhsilinin təcrübə hissəsini keçmələri üçün şərait yaradır - şagirdlər orada istehsalat təcrübəsi keçirlər. üstəgəl, şagirdlər istehsalat təcrübəsi keçdikləri müddətdə əmək haqqı şəklində müəyyən gəlir də əldə etmək imkanı qazanırlar. Bu cür əməkdaşlıq hər iki tərəfə sərfəlidir - təhsil ocağı işə götürənlə praktiki əlaqə yaradır, əlavə xərc çəkmədən şagirdlər istehsalat təcrübəsi keçmək imkanı qazanır, işə götürən isə yüksək səviyyədə ixtisaslaşdırılmış kadr əldə edir.

***

Əgər texniki peşə təhsilinə birbaşa rəhbərlik edən məmurlar bu sistemin keçmiş iş təcrübəsilə tanış olsa idilər, o zaman nazirə məlumat verərdilər ki, vaxtilə bizim respublikada da fəhlə kadrlarının hazırlanması buna oxşar metodla həyata keçirilirdi.

Bu, belə həyata keçirilirdi. Texniki peşə məktəbləri onlar üçün konkret müəyyən olunmuş baza müəssisələrinə (işə götürınə) fəhlə kadrları hazırlayırdı və onlar şagirdlərə peşə təhsili verilməsi prosesini birlikdə həyata keçirirdilər.

İşə götürən (baza müəssisəsi) öz müəssisəsində şagirdlərin peşə təhsilinin təcrübə hissəsini keçmələri üçün şərait yaradırdı, şagirdlər orada istehsalat təcrübəsi keçirdilər və əmək haqqı şəkilində müəyyən qazanc əldə etmək imkanı qazanırdılar

Bu cür əməkdaşləq əlavə xərc çəkmədən şagirdlərə istehsalat təcrübəsi keçmək imkanı verdiyinə görə həm peşə məktəbləri üçün, həm də işə götürən üçün sərfəli idi. çünki o məktəbi bitirən məzunların hamısını özü işə götürürdü və istehsalatda onların peşə hazırlığı dərəcələrini müəssisənin tələb etdiyi səviyyəyə çatdırırdı. Fəhlə peşəsinin bu cür öyrədilməsi modeli faktiki olaraq bütün sosialist iqtisadiyyatlı ölkələrin hamısında mövcud idi, o cümlədən keçmiş ADR-də də. Həmin dövrlərdə tədris-istehsalat korporasiyasına oxşar bir model - fəhlə kadrlarının hazırlaması prosesini birgə təşkil edə biləcək birlik - texniki peşə məktəbləri ilə müəssisələrin birliy fəaliyyət göstərirdi. Nazir televiziyada çıxış edərkən SSRİ-də texniki peşə məktəbləri özləri üçün idi və texniki peşə məktəbləri ilə müəssisələri faktiki olaraq heç nə birləşdirmirdi deməklə, növbəti yanlışlığa yol verdi. Əgər nazir "Vışka" qəzetində dərc olunmuş məktuba cavab olaraq texniki peşə təhsilinin mütəxəsisləri ilə görüşsəydi, onda onun nəzərinə çatdırılatdı ki, indi ışə götürənlər qismində əsasən kiçik və orta biznes strukturları çıxış edirdilər. Bu müəssisələrin imkanları məhdud oduğundan onlar Almaniyadakı müəssisələr kimi fəhlə kadrlarının tam hazırlanması prosesini maliyyələşdirə bilməzlər. Aydındır ki, nə almanların, nə yaponların, nə də başqalarının fəhlə kadrlarını hazırlayan sistem bizim respublika şəraitində məqbul ola bilməz. Amma vaxt vardı Bakıda müəssisələr və texniki peşə məktəblərinin birgə fəaliyyətləri üçün bərabər iqtisadi maraqlara söykənən keyfiyyətcə yeni model tətbiq olunmuşdu. Buna respublika Nazirlər Kabinetinin 18 oktyabr 1988-ci li tarixli qərarı da səbəb oldu. Həmin qərarla nazirlik və təsisatlara göstəriş verildi ki, texniki peşə məktəblərinin istehsalat təlimi emalatxanalarının bazasında sex, zavod və fabriklərin filialları təşkil olunsun, lazımi avadanlıqlarla, materiallarla, xammalla təchiz etsinlər və məhsul hazırlamaq üçün peşə məktəblərinə müntəzəm olaraq sifarişlər versinlər.

Bu, birinci növbədə müəssisələrin istehsalat sifarişlərinin hazırlanmasından əldə olunan gəlirlərin hesabına peşə məktəblərinin istehsalat fəaliyyətlərinin hiss olunacaq səviyyədə genişlənməsinə imkan yaratdı. Həmin sifarişləri peşə məktəblərinin təlim emalatxanalarında yerləşdirməklə bu müəssisələr şagirdlərin istesalat təlimi prosesində birbaşa iştirak edirdilər. Bununla sərf olunan vəsaitin bir hissəsi müəssisələrin payına düşürdü.

Əvvəlki illərdən fərqli olaraq texniki peşə məktəblərinin problemlərini həll etmək iqtidarında olmayan sənaye infrastrukturunun yeni yarandığı dövrdə hökumət təhsilin əsas provayderi olsa belə, texniki peşə təhsili sisteminin fəhlə kadrlarının hazırlanması prosesinə kifayət qədər kömək edə bilmirdi. Buna görə də Bakı texniki peşə məktəbləri keçmiş baza müəssisələrinin funksiyasını da öz üzərlərinə götürərək özlərinin güclü maddi-texniki bazalarını yaratmağa başladılar və öz bazalarıında şagirdlərin peşə təhsilini tam olaraq təşkil etdilər. Tədris-istehsalat emalatxanalarının bazasında peşə məktəblərinin kollektivlərinin təsis etdikləri tədris-istehsalat firmaları, təsərrüfat hesablı emalatxanalar, müəssısələrin filialları fəaliyyət göstərməyə başladılar. Onların tədris-istehsalat emalatxanaları peşə məktəbinin peşə yönümünə uyğun faktiki olaraq mini-fabrika, mini-zavod, mini geyim evi kimi fəaliyyət göstərirdilər. Bu texniki peşə məktəbləri tədris-istehsalat ocaqları kimi fəaliyyət göstərməyə başladılar. Bütün bunlar imkan yaradırdı ki, şagirdlərin istehsalat təlimi prosesi zamanı istehsal etdikləri məhsulun həcmi onların tədris-istehsal proqramını tam mənimsəyə biləcəkləri səviyyəyə çatdırılsın, tədricən dövlət büdcəsindən ayrılan vəsaitdən imtina edərək özünümaliyyəyə keçsin.

Lakin Təhsil Nazirliyinin məmurları texniki peşə məktəbləri ilə təsərrüfat hesablı müəssisələrin birgə fəaliyyəti modelini anlamayaraq ləğv etdilər.

Burada mən, Bağdadda kor xəlifə

Televiziya proqramlarının birində çıxış edən təhsil naziri Misir Mərdanov cəmiyyəti məlumatlandıraraq qeyd etdi ki, texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramının (2007-2012-ci illər) qərarları üzərində işləyirik və nəyi çatdırarıq, onu da edərik. Amma texniki peşə təhsilinin inkişafı üzrə yeni Dövlət Proqramını qəbul etmək qaçılmazdır. Amma indiyə qədər respublikanın texniki peşə təhsilinin inkişafı üzrə qəbul olunmuş qərarlar, qətnamələr, bağlanmış müqavilələr Təhsil Nazirliyi tərəfindən nəinki yerinə yetirilmir, hətta bu sahənin tamamilə dağıdılması prosesi davam edir.

Məlumdur ki, yeni proqram ondan əvvəl qəbul olunmuş proqramın işlək nəticələrinin üzərində qurulmalıdır. Bəs əsas prioritetlər, o cümlədən peşə təhsilinin ictimai statusunun yüksəldilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, yeni iqtisadi münasibətlərin formalaşdırılması və idarəetmənin təkmilləşdirilməsi, tədrisin mahiyyətinin müasir tələblərə uyğun yenilənməsi, kadr hazırlığının dövrün tələblərinə uyğun formalaşdırılması olan indiki proqram necə yerinə yetirilir?

Dövlət Proqramının əsas istiqamətlərindən biri də bazar iqtisadiyyatı şəraitində yararsız sayılan peşə məktəblərini idarə edən strukturun təkmilləşdirilməsidir.

Hələ 15 iyun 1999-cu ildə qəbul edilən "Azərbaycan Respublikasının Təhsil sahəsində islahatlar Proqramı"nda texniki peşə məktəblərində "ictimai-dövlət" idarəetmə strukturunun yaradılması nəzərdə tutulmuşdu. Bazar iqtisadiyyatı şəraitində yalnız bu cür idarəetmə strukturu texniki peşə təhsili fəaliyyətini uğurla həyata keçirə bilər. O vaxtlar oduğu kimi, bu gün də Təhsil Nazirliyinin rəhbərliyi bu sərəncamı diqqətdən kənarda saxlayır. çünki belə bir strukturu yaratmaq əlindən gəlmir. Yararsız bir strukturu əvvəlki şəkildə saxlamaqla bu sahənin problemlərinin həllindən faktiki olaraq kənara çəkilərək onu bir şöbənin məmurlarının öhdəsinə buraxıblar.

Bəs indiki proqramın digər əsas istiqamətlərindən biri olan tədrisin mahiyyətinin müasir tələblərə uyğun yeniləşdirilməsi müddəası necə yerinə yetirilir?

ötən əsrin 80-ci illərində Bakının texniki peşə təhsili sistemində təsərrüfathesablı münasibətlər yaranmağa başladı. Sıradan çıxmış baza müəssisələrinin əvəzinə hüquqi statuslu, möhürü və bankda hesabı olan müəssisələr yaratmağa başladılar. Onlar tədris prosesini, birinci növbədə şagirdlərin peşə təhsilini birlikdə təşkil etmək üçün texniki peşə məktəbləri ilə korporativ əsasda birləşdilər. Bu onlara tədris proqramını daha dərindən mənimsəməyə imkan verirdi. Şagirdlərin istehsalat təlimi hiss olunacaq dərəcədə yaxşılaşdı. çünki təlimlər fəhlə peşəsinin əsaslarına, tədris proqramının mənimsənilməsinə şərait yaradacaq həcmdə faydalı məhsullar istehsal etməklə əmək prosesi zamanı həyata keçirilirdi. Təhsil Nazirliyi göstərilən təsərrüfathesablı müəssisələri - texniki peşə məktəblərinin partnyorlarını ləğv etdi. Bugünkü texniki peşə məktəblərində istehsalat təlimi prosesi şagirdləri ictimai-faydalı əməyə cəlb etmədən həyata keçirilir. Bu isə onların ixtisaslı fəhlə kadrları hazırlamağı bacarmadıqlarından xəbər verir.

Bakı şəhərində əksər peşələr üzrə, o cümlədən iqtisadiyyatın sənaye sferası üçün fəhlə kadrlarının hazırlanması dayandırılmışdır. Hər kəs elə bir fəhlə sənəti mənimsəmək istəyir ki, həmin sənətə onun yaşadığı regionda tələbat olsun. Məsələn, Bakı şəhərində inşaat işləri geniş vüsət alıb. Hərbi Sənaye Nazirliyinin müəssisələri inkişaf etməkdədir, neft-qaz sənayesi genişlənir və onlara çoxlu miqdarda inşaatçılar, qaynaqçılar, tornaçılar, çilingərlər, neftçilər və bir çox ixtisaslı fəhlələr tələb olunur. Bunları isə Bakı texniki peşə məktəbləri əmək bazarının tələb etdiyi səviyyədə hazırlaya bilmir. Göründüyü kimi, peşə məktəbləri nəinki Proqramda nəzərdə tutulan dövrün tələblərinə uyğun gəlmir, ümumiyyətlə, ixtisaslı fəhlə kadrları hazırlamaq bacarığında deyil.

Təhsil Nazirliyi texniki peşə təhsili sistemində yeni iqtisadi münasibətlərin formalaşdırılması üçün nələr edir? Texniki peşə məktəbləri dövlət büdcəsinin vəsaitindən başqa, həm də gəlir əldə etməlidir. Belə ki, onların fəhlə kadrları hazırlama sxemi "öyrənərək istehsal et və gəlir götür" formasında həyata keçirilməlidir. Bu isə o deməkdir ki, şagirdlərin istehsalat təlimi prosesi mütləq məhsuldar ictimai-faydalı əməyə cəlb etməklə həyata keçirilməlidir. Şagirdlərin istehsalat təlimi prosesi zamanı qazandıqları vəsaitin həcmi onların təlim proqramını necə yerinə yetirmələrinin və fəhlə peşəsini hansı səviyyədə mənimsəmələrinin göstəricisi kimi qəbul olunur.

Paradoksal bir vəziyyət yaranıb! İnstitutlar, texnikumlar, kolleclər və xüsusi məktəblər ödənişli əsaslarla fəaliyyət göstərərək vəsait qazanırlar, amma texniki peşə məktəblərinin əksəriyyətinin gəlirləri yoxdur, ona görə ki, onlar öz məzunlarına əmək bazarının tələb etdiyi səviyyədə ixtisaslı fəhlə peşəsi öyrədə bilmir. Onlar ancaq dövlət büdcəsi hesabına yaşayırlar.

***

Bax buna görə də son illər ərzində heç bir gəliri olmayan peşə məktəblərinin vəsaiti hesabına nə bir dəzgah, nə də başqa bir avadanlıq alınıb. Bazar iqtisadiyyatı şəraitində texniki peşə məktəblərinin maddi-texniki bazası lazımi səviyyədə öz gəlirləri hesabına təchiz oluna bilər. Lakin bu iş dövlətin belinə yüklənib. 2009-cu ildə prezidentin ehtiyat fondundan texniki peşə təhsili ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Təhsil Nazirliyinə 2 milyon manat vəsait ayrılmışdı. Bunun effekti olacaqmı, bu pulların peşə məktəblərinin tədris-istehsalat bazasının möhkəmləndirilməsi üçün ayrılmış hissəsindən səmərəli istifadə ediləcəkmi? Ən dəqiqi budur ki, vəsaitləri ayrı-ayrı obyektlərə "hər bacıya bir sırğa" prinsipi ilə bölüşdürəcəklər. Texniki peşə məktəblərinin təlim emalatxanaları bu vəsaitə avadanlıq alsalar belə, indiki struktur məmurlarının ləğv elədiyi partnyor-müəssisələrin köməyi olmadan işləyə bilməyəcəklər.

Gördüyünüz kimi, Təhsil Nazirliyi peşə məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi problemini nəinki öz gücünə həll etmək iqtidarında deyil, hətta bu işə dövlət tərəfindən ayrılmış vəsaiti çox vaxt nəticəsiz olaraq israf edir.

Cəzasızlıq şəraiti ona gətirib çıxarıb ki, Təhsil Nazirliyi texniki peşə təhsilinin inkişafı üzrə qəbul olunmuş qərar və qətnamələri qulaqardına vurur, onlara əhəmiyyət vermir. Buna görə də bu sahə tamamilə dağılıb gedir.

(Davamı var)

Rafiq Əliyev, Texniki Peşə Təhsili Mütəxəssisləri təşəbbüs qrupunun rəhbəri

Copyright © 2009 Azerin LLC