Р.Г. Алиев / Книга / Статьи / Публикации / Написать письмо: rafig.aliyev.gudrat@gmail.com

“Təzadlar” Qəzeti


07.10.2010


"Təhsil haqqında" qanun və peşə liseylərinin taleyi



Təhsil haqqında qəbul olunmuş yeni qanuna görə ümumi orta təhsil bizim respublikada icbaridir. Yəni ölkə vətəndaşları ümumi orta təhsili əvvəllər olduğu kimi dövlət hesabına alacaqlar.

9-cu sinif məzununa imkan veriləcək ki, təhsilini davam etdirməyin bu və ya başqa formasını özü seçsin. Məsələn, texniki peşə məktəbində oxuyub fəhlə peşəsini öyrənmək. Bunun üçün 9-cu sinif təhsili kifayət edir. Yeni qanun doqquzuncu sinif məzunlarına texniki peşə məktəbləri və liseylərində fəhlə peşəsi ilə yanaşı həm də tam orta təhsil almaq imkanı verir (məcbur etmir). Amma əsas təhsildən fərqli olaraq respublika vətəndaşı dövlət hesabına orta təhsil almaq üçün ümumi orta təhsil proqramını müvəffəqiyyətlə mənimsədiyini test vasitəsilə təstiq etməlidir.

Respublikanın peşə liseylərinin güclə komplektləşdirilən kontingenti test vasitəsilə bunu təsdiq edə bilərlərmi? Təcrübə göstərir ki, onların əksəriyyəti bunu bacarmazlar. Deməli, onlar tam orta təhsili peşə liseylərində texnikum və ali təhsil ocaqlarında olduğu kimi, ancaq öz hesablarına təhsil ala bilərlər. Buna əksər valideynlərin imkanı yetərlidirmi? Bir də ki, bugunkü liseylərdə onların uşaqları öz pulları hesabına lazımi səviyyədə tam orta təhsil alacaqlarmı?

Məsələn, 2009-cu ildə sınaq imtahanlarından peşə liseylərinin 4073 məzunundan, ancaq 163 nəfəri (4%) test vasitəsilə orta təhsil proqramını mənimsədiklərini təstiq edə bilmişlər. Narazı qalan valideynlərin tələbi ilə məzunları təkrar testdən keçirməklə bu rəqəmi 42,7%-ə "çatdırdılar". Qalanların valideynlərinə məmurlar dedilər ki, liseylərin əsas vəzifəsi fəhlə kadrları hazırlamaqdır. Belə çıxır ki, valideynlər öz pullarını uşaqlarının yarımçıq fəhlə hazırlanmasına sərf edəcəklər.

Onda bəs peşə liseyləri nə işlə məşğul olacaqlar? Axı Təhsil Nazirliyi peşə təhsili prosesini lazımi səviyyədə qurmağı bacarmadığından şagirdlərin ümumtəhsil hazırlığını ortaya qoyaraq peşə məktəblərini qondarma peşəyönümlü zəif ümumtəhsil məktəbləri səviyyəsinə endirmişdir. Elə "təmtaraqlı" peşə liseyi statusunun verilməsi də şagirdləri cəlb etmək məqsədi güdür. Əgər indi bu liseylərə ümumtəhsil məktəb məzunlarının real ehtiyatının ancaq 6 faizi daxil olurlarsa, onda tam orta təhsil almaq üçün yeni qanun tətbiq olunandan sonra peşə liseyləri şagirdsiz qalacaqlar. Şübhəsiz "Təhsil haqqında" yeni qanun işə düşəndən sonra liseylərin özlərinin də həm ixtisaslı fəhlə kadrlarını hazırlamaq, həm də tam orta təhsil verə biləcəklərini təstiq edərək lisenziya almalıdırlar. Onlar güclü maddi-texniki bazaya və əmək bazarının tələb etdiyi səviyyədə ixtisaslı fəhlə kadrlarının hazırlanmasında, eyni zamanda şagirdlərə tam orta təhsil verməkdə konkret göstəricilərə malik olmalıdırlar. Boynumuza alaq ki, bizim respublikada belələri yoxdur.

Şagirdlərin tam orta təhsili hazırlığı ilə məşğul olan lisensiyasız liseylər testdən müvəffəqiyyətlə keçən gənclərin təhsili üçün ayrılmış dövlət vəsaitini israf etdikləri üçün məsuliyyətə cəlb olunmalıdırlar. Dövlət büdcəsindən vergiödəyənlərin hesabına yığılmış vəsaiti mütəmadi olaraq onlara ayıran orqan da məsuliyyət daşımalıdır.

İnkarolunmaz həqiqət - respublika peşə liseylərində şagirdlərin tam orta təhsili hazırlığını həyata keçirmək qeyri mümkündür.

"Təhsil haqqında" qanun hər şeyi öz yerinə qoyacaq. Respublikanın peşə ocaqlarının yeni şəraitdə gələcək fəaliyyətlərinin sual altında olmasını və bugünkü həqiqi vəziyyətlərini üzə çıxaracaq. Bəs onların gələcək taleləri necə olacaq?

Texniki peşə təhsili sistemini yaranmış bu kritik vəziyyətdən necə çıxarmaq mümkündür? Təhsil nazirliyinin yaratdığı bu problemi pespublikamızda aradan qaldırmağa qadirdilərmi? Bütün bunları aradan qaldırmaq üçün yeganə alternativsiz addım məmurların çatlayaraq dağılan "texniki peşə məktəbi ümumtəhsil məktəbləri ilə əkiz qardaşdırlar" adlı avantüralarına son qoymaqdır.

Texniki-peşə məktəbləri ilk öncə peşə təhsili vermək mədsədilə yaradılıb və tədris proqramında ixtisas, ümumtexniki və istehsalat təlimi dərslərinin keçirilməsi nəzərdə tutulur.

Rusiya texniki peşə təhsili sisteminin lideri olan Tatarstanda işlər, məhz brlə qurulub. Burada peşə məktəblərinə mütləq orta məktəbi bitirən şagirdləri qəbul edirlər və onlara, ancaq peşə öyrədirlər.

Respublikanın texniki peşə təhsili ocaqları özünün əsas işi ilə - şagirdlərin peşə təhsili prosesini təşkil etməklə məşğul olmalıdırlar və fəhlə peşəsini həm ümumi orta təhsil, həm də tam orta təsil almış şagirdilərə öyrətməlidirlər. Bununla onlar diqqətlərini əsas vəzifələrinə - əmək bazarının tələb etdiyi səviyyədə fəhlə kadrlarının hazırlanmasına yönəltmiş olarlar. Bu həm də bugünkü əmək bazarında tələb olunan peşələrə əhalinin öyrədilməsi üçün, əsasən də müəyyən səbəblərdən işsiz qalmış vətəndaşların əlavə peşələrə yiyələnmələri üçün vacibdir.

Bəs Təhsil Nazirliyi ilə bunu etmək mümkündürmü? O, texniki peşə təhsili sisteminin onun tərkibinə qatılandan sonra müəssisələrlə peşə məktəblərinin qarşılıqlı faydalı əməkdaşlıq mexanizmini ləğv edərək texniki peşə məktəblərində istehsalat təlimi prosesini anormal formaya saldı. Yəni peşə təlimlərini şagirdləri ictimai-faydalı əməyə cəlb etmədən "öyrədirlər". Bu səbəbdən Bakı şəhərində əksər peşələr üzrə, o cümlədən iqtisadiyyatın sənaye sferası üçün fəhlə kadrlarının yetişdirilməsi dayandırılmışdır. Bugünkü peşə məktəblərində ixtisaslı fəhlə kadrlarının hazırlanmasından söhbət gedə bilməz.

"Təhsil haqqında" qanun işə düşdükdən sonra texniki peşə məktəbləri Təhsil Nazirliyinin tərkibində özünüməhvə məhkumdur.

Fəhlə kadrları hazırlayan sistemi peşə məktəblərini idarə edən iqtisadi maraqlar prinsipi və demokratik əsaslarla sərbəst fəaliyyət göstərən ictimai-dövlət strukturu yaratmaqla xilas etmək mümkündür.

Belə bir idarəetmə strukturu üç təhsil təsisatının birləşməsindən sonra yaradılmışdır. Respublika hökuməti 1985-ci ildə yaradılmış Baki Tədris-istehsalat Birliyinin təcrübəsini yaymaq məqsədilə 28 iyun 1989-cu il tarixli sərəncamı ilə Respublika Təhsil Nazirliyinin nəzdində texniki-peşə təhsili Eksperimental Tədris-İstehsalat Birliyini yaratdı. Bu, texniki peşə təhsili sisteminin fəaliyyətini sosialist iqtisadiyatından bazar iqtisadiyyatına mərhələli şəkildə rahatca kecməsi ilə səciyələndirilirdi. Lakin nazirliyin tez-tez dəyişən maarifçi-rəhbərləri istehsalatı və texniki peşə məktəblərinin istehsalat fəaliyyətini heç də dərindən bilmədikləri üçün özlərini əziyyətə salıb tədris-istehsalat birliyinin mahiyyətinə varmadan onu nazirliyin tərkibində sıxışdırmağa başladılar.

Amma Nazirlər Kabinetinin özünün verdiyi sərəncamının Təhsil Nazirliyinin pəhbərliyi tərəfindən yerinə yetirilməməsinə sakitcə göz yumması şəraitində mübarizə aparmaq mümkün deyildi. Beləliklə, hərc-mərclik şəraitində nazir olan və bu postda bir il də davam gətirməyən F.Cəlilovun həmin birliyi 7 may 1993-cü ildə ləğv etməyə vaxtı çatdı. Bu, texniki peşə təhsili sisteminin məhv olunmasına aparan böhranın başlanğici idi.

Neçə ki, bu sistem Təhsil Nazirliyinin tərkibindədir, texniki peşə məktəblərini idarə edən strukturun özünü, ya da onun rəhbərliyini dəyişməklə texniki peşə təhsili sistemini dağılmaqdan xilas etmək mümkün deyil. Nəhayət, bunu başa düşməyin vaxtı çatıb.

***

Bakı texniki peşə təhsili mütəxəssislərinin müstəqil təşəbbüs qrupu tərəfindən bazar iqtisadiyyatı şəraitində Azərbaycanda peşə məktəblərini idarə edən alternativsiz idarəetmə strukturunun layihəsini işləyib hazırlamışdır. Bu modelin əsasını Nazirlər Kabinetinin Təhsil Nazirliyinin nəzdində texniki-peşə təhsili Eksperimental Tədris-İtehsalat Birliyini yaradarkən keçmiş təsərrüfat hesablı Baki Tədris-istehsalat Birliyinin təcrübəsi təşkil edir. www.proftex.az internet saytında rus dilində təklif olunan "İstoriya odnoy inisiativı. Proftexşkola - vçera, seqodnya. Zavtra?" ("Bir təşəbbüsün tarixi.Texpeşə məktəbləri - dünən, bu gün. Sabah?") broşürü bu birlik haqqında mütəxəssislərin və jurnalistlərin məqalələrindən ibarət yazıların daygesti şəklində tərtib olunmuşdur.

Təkcə ümid etmək qalır ki, Nazirlər Kabineti dövri KİV-də dəfələrlə səsləndirilən təklifləri eşidəcək və texniki peşə təhsili sistemində özünün yaratdığı tədris-istehsalat birliyinin ləğv edilməsinin hüquqi cəhətdən qanuniliyini araşdıraraq bu strukturu müstəqil tədris-istehsalat birliyi (Korporasiyası) şəklində bərpa edəcək. çünki bu sahənin bazar iqtisadiyyatı şəraitində uğurlu fəaliyyətini təşkil edib, onu iflasdan xilas etmək yalnız bu yolla mümkündür.

İlham Əliyev,
texniki peşə təhsili mütəxəssisləri təşəbbüs qrupunun üzvü

Copyright © 2009 Azerin LLC