Р.Г. Алиев / Книга / Статьи / Публикации / Написать письмо: rafig.aliyev.gudrat@gmail.com

“Аzadlıq” Qəzeti


Cümə 11 İyun 2010


Misir Mərdanov daha bir strukturu necə dağıdır?



Təhsil haqqında qəbul olunmuş yeni qanuna görə ümumi orta təhsil bizim respublikada icbaridir. Yəni ölkə vətəndaşları ümumi orta təhsili əvvəllər olduğu kimi dövlət hesabına alacaqlar.

Cümə 11 İyun 2010
(I YAZI)
Rafiq Əliyev, Texniki Peşə Təhsili Mütəxəssisləri təşəbbüs qrupunun rəhbəri

Bir kisə undan 150 cür yemək bişirməyin sirrini tapan Nazirlik

Azərbaycanda fəhlə kadrlarının hazırlanması sahəsində böhran yaranıb. Ona görə ki, bu sahə müstəqil deyil və 1988-ci ildə keçmiş üç təhsil təsisatının birləşməsi nəticəsində yaradılan bir qeyri- mükəmməl şöbənin idarəçiliyi altındadır. Halbuki, bu sistem yarandığı gündən əvvəlcə Texniki peşə Təhsili Baş Komitəsinin, sonra Dövlət əmək ehtiyatları Komitəsinin və nəhayət Texniki peşə təhsili üzrə Dövlət Komitəsinin himayəsi altında, sərbəst bir sahə kimi fəaliyyət göstərirdi.

Kasıb itinin adını “qızıl” qoyar

Texniki peşə məktəblərini idarə edən indiki struktur peşə məktəblərini ümumtəhsil məktəbləri ilə bərabər tutur. Lakin peşə məktəbləri tədris-istehsalat müəssisəsidir və məhsul istehsalçısı qismində çıxış etməklə, eyni zamanda həm təhsil sahəsinə, həm də iqtisadiyyat kompleksinə daxildir.

Təhsil Nazirliyi texniki peşə məktəblərində şagirdlərin peşə təhsili prosesini lazımi səviyyədə təşkil edə biləcək tədris-istehsalat mexanizmini yarada bilmir. Ona görə də əsasən şagirdlərin ümumtəhsil hazırlığıni önə çəkir. Peşə məktəbləri qondarma peşəyönümlü zəif ümumtəhsil məktəbləri səviyyəsinə endirilmişdir. Şagirdləri bu məktəblərə cəlb etmək məqsədilə onlara “təmtəraqlı” peşə litseyi statusu da verirlər. Bununla belə bu litseylərə ümumtəhsil məktəb məzunlarının ancaq 6 faizi daxil olurlar. Şagirdlər bu litseylərə gəlmirlər. Çünki orada nə əmək bazarının tələb etdiyi səviyyədə peşə öyrədilir, nə də lazımi səviyyədə tam orta təhsil. Texniki peşə təhsili ümumi sistemdən təcrid olunub, buradan real vəziyyət haqqında hər hansı bir məlumat sızmasının qarşısı alınır. Təhsil Nazirliyi əsl vəziyyəti ictimaiyyətdən gizlədir. Sistemin dağıdılması isə davam edir. Nazirliyin bu sahə üçün məsuliyyət daşıyan nəzarətçi məmurları bütün imkanlara malik olsalar da problemləri öyrənməyə qətiyyən cəhd göstərmirlər. Onlar dövri mətbuatda sahənin tənəzzülü haqda həyəcan təbilinin səsini eşitmirlər, bu tənəzzülün aradan qaldırılması yollarını göstərən təkliflərə isə biganəlik göstərirlər.

“Əkiz qardaşlar” nağılı

Əksəriyyəti peşə məktəblərini tədris-istehsalat ocağı kimi qəbul etmək qabiliyyəti olmayan məmurlar mətbuatda “texniki peşə məktəbləri ilə ümumtəhsil məktəbləri əkiz qardaşdırlar” mövzuzunda ağızlarına gələni danışırlar. Onların dediyinə görə, peşə litseylərində (peşə yönümlü ümumtəhsil məktəbləri) müvəffəqiyyətlə ixtisaslı fəhlə kadrları hazırlanır. Məsələn, belə televiziya verilişlərinin birində iştirak edən Kulinar-Qənnadı-Satış peşə məktəbinin direktoru çıxış edərək şövq ilə deyir ki, nəinki Bakının ən yaxşı restoranlarında, hətta xaricdə də bu məktəbin məzunlarını məmnuniyyətlə işə götürürlər. Bu belədirmi?

Aşpazlara diplom satışı hansı maraqdan doğur

Aşpazlar üçün istehsalat təlimi proqramında tədris dövründə bir şagirdin yüzdən çox fərqli xörəklər, salatlar və başqa yeməklər hazırlaması nəzərdə tutulur. Həm də bunun üçün heyvan, quş əti, balıq, meyvə, tərəvəz və bir çox başqa ərzaqlar tələb olunur. Nəzərə alsaq ki, bir qrupda 15 şagird oxuyur, onda tədris proqramını tam mənimsəmək üçün bu şagirdlərin hamısı bir yerdə yuxarıda adı çəkilən 1500-ə qədər məmulat hazırlamalıdırlar. Kulinar peşə məktəbinin özü dövlət büdcəsindən ayrılmış cüzi vəsait hesabına bütün bu prosesi təşkil etməyi bacararmı? Bu vəsaitə həmin məktəbin direktoru alsa-alsa bir kisə un ala bilər. Ondan da yalnız “lapşa” hazırlamaq olar ki, bunu da direktor televiziya tamaşaçılarının qulağından asmağa çalışır.

Məsələn, onlar diplomu olmayan aşpazları, konditerləri, barmenləri, restoranların və şadlıq saraylarının ofisiantlarını kulinar-qənnadı-satış peşə məktəbinə oxumağa göndərməyi müzakirə edirdilər. Bu o deməkdir ki, bütün komplekt avadanlıqlarla, material və ərzaqla təmin olunmuş işçiləri işdən çıxarıb heç nəyi olmayan kulinar texniki peşə məktəbinə göndərmək lazımdır. Nəyin naminə? Yalnız kimlərinsə “diplom bazarını” genişləndirmək üçünmü? Halbuki bu problemi Kulinar peşə məktəbləri Təhsil Nazirliyinin tərkibinə qatılana qədər uğurla həll edirdilər. Şagirdlərin istehsalat təlimi prosesi istər məktəbin təlim emalatxanasında, istərsə də texpeşənin yaratdığı “Məşəl” kafesində, “Gənc fəhlə” maqazin-salonunun nəzdindəki kafedə, peşə məktəblərinin yeməkxanalarında və başqa obyektlərdə özünümaliyyə prinsipi əsasında aparılırdı. Bu təsərrüfat hesablı obyektlərdə şagirdlər kulinariya və konditer məmulatları hazırlayırdılar və onların satışından əldə olunan vəsaitə isə lazımi miqdarda ərzaq alınırdı. Bu isə öz növbəsində istehsalat təlimi proqramında nəzərdə tutulan müxtəlif çeşidli xörəklər, məmulatlar hazırlamağa və şagirdlərin əmək haqqını ödəməyə imkan yaradırdı.

“Yaxşı kişilər yaxşı atlara minib getdilər”

Təhsil Nazirliyinin məmurları peşə təhsili prosesini anlamadılar. Peşə məktəbləri ilə partnyor olan təsərrüfat hesablı obyektlərin ləğvi ona gətirib çıxardı ki, bu şəraitdə onlar həm fəhlə peşələrini mənimsəyə bilmirlər, həm də gəlirdən məhrum olurlar. Son nəticədə isə onsuz da cüzi dövlət büdcəsi hesabına fəaliyyət göstərən texniki peşə məktəbləri müflisləşirlər.

Elə bu təsərrüfatsızlığın nəticəsidir ki, istehsalat təlimi ustalarının əksəriyyəti peşə məktəblərini tərk edərək müxtəlif biznes-strukturlara getdilər və yaxşı da qazanırlar. Texniki peşə məktəblərində təcrübəli mühəndis-pedoqoji işçilərin olmamasının başlıca səbəblərindən biri də budur. Almaniya xalq universiteti Beynəlxalq əməkdaşlıq institutunun nümayəndələrinin qənaətinə görə, respublikanın texniki peşə məktəblərinin ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının müasir biliklərinin çatışmazlığı, yeni təlim metodlarının yoxluğu, keyfiyyətcə köhnəlmiş tədris üsulu müasir tədris prosesinin tələblərinə cavab vermir.

Nazir isə heç bir məsuliyyət hiss etmir

Bu həyati əhəmiyyətli problemi Təhsil Nazirliyində necə həll etməyə hazırlaşırlar? Məsələn, texniki peşə məktəblərinə rəhbərlik edən şöbənin müdiri istehsalat təlimi ustalarını alınacaq avadanlıqla işləməyə öyrətmək üçün həmin avadanlığı istehsal edən müəssisələrə göndərməyi düzgün hesab edir. Hətta bu məmurun xəbəri yoxdur ki, texniki peşə məktəblərində fəhlə peşəsinin əlifbası istehsalat təlimi ustalarına yox, şagirdlərə öyrədilir. Istehsalat təlimi ustasının ən azı xüsusi orta texniki təhsili (texnikum təhsili) və ixtisas dərəcəsi peşə məktəbinin məzunu uçun müəyyən edilmiş dərəcədən iki dəfə yüksək olmalıdır. Nazir isə məlumatsızlıq üzündən, həm də məsuliyyət hiss etmədən texniki peşə təhsilinin problemlərindən danışarkən bütün çıxışlarında cəmiyyətə bəyan edir ki, ali təhsil ocaqlarında peşə məktəbləri üçün lazım olan mütəxəssislər hazırlanmadığı üçün peşə məktəblərində mühəndis-pedoqoqlar çatışmır. O bilmir ki, hər ali məktəb yox, ancaq xüsusi ali texniki peşə ocaqları bu cür mütəxəssislər hazırlaya bilərlər. Bu təhsil ocaqlarının kontingenti texniki peşə məktəblərinin, texnikumların və s. məzunlarından ibarət olurlar. Baxın, texniki peşə məktəblərinin problemlərinin həlli kimlərin əlindədir?



Bazar günü 13 İyun 2010
(II YAZI)

Təhsil Nazirliyi nə eləmək istədiyini əcnəbilərə başa sala bilmədi

Texniki peşə məktəblərini idarə edən şöbənin bacarıqsızlığını təsdiq etməyə məcbur olan Təhsil Nazirliyinin rəhbər məmurları müntəzəm olaraq KIV-də bəyan edirlər ki, xaricilər bizim texniki peşə təhsili sistemini ayağa qaldıracaqlar. Gör neçə illərdir gözləyirik ki, ayrı-ayrı beynəlxalq təşkilatların nümayəndələri texniki peşə təhsili sistemindəki vəziyyətlə tanış olmaq və birgə layihələr hazırlamaq üçün danışıqlar aparmağa ölkəmizə gələcəklər. Bildirirlər ki, layihələr Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər) çərçivəsində YUNESKO-nun, Ümumdünya Bankının, Avropa Təhsil Fondunun, Beynəlxalq Əmək Təşkilatının, Yaponoya Beynəlxalq Əmək Bankının, DAEWOO korporasiyasının və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə reallaşacaq. Amma bütün bunlar ya cəmiyyəti sakitləşdirməyə, ya da aldatmağa hesablanmışdır.

Xarici donor təşkilatları ilə bağlanmış iki müqavilə iflasa uğradı. Belə ki, yaponlar respublikanın texniki peşə təhsili sistemindəki vəziyyəti təhlil edərək belə qənaətə gəldilər ki, Azərbaycanda bu sistem de-yure var, de-fakto isə əmək bazarının tələb etdiyi səviyyədə fəhlə kadrları hazırlayan sistem kimi fəaliyyət göstərmir. Buna görə də əməkdaşlıqdan imtina etdilər. Almaniya Texniki Əməkdaşlıq cəmiyyəti 3 il ərzində texniki peşə məktəblərinin və litseylərin mühəndis-pedaqoji işçilərinin tədris-metodiki biliklərinin təkmilləşdirilməsi üçün seminarlar keçirməsinə baxmayaraq respublika texniki peşə məktəblərində alman metodunu tətbiq etməyi bacarmadılar. Azərbaycan texniki peşə təhsilində Koreya sisteminin yaradılacağı haqda səsləndirdikləri bəyanat da uydurmadır. Koreyanın “Daewoo” şirkəti Azərbaycanda texniki peşə təhsili mərkəzi yaratmağa başladı. Bu sevindirici haldır. Amma bu heç də respublika texniki peşə təhsilində Koreya sisteminin yaradılması demək deyil. “Daewoo” təhsil ocağı deyil. O ancaq öz şirkətində fəhlə hazırlamaq layihəsini təklif edə bilər.

Misir Mərdanov bu sistemi bilmədiyini rəsmən boynuna alıb

Misir Mərdanov bəyan etdi ki, nazirliyin nümayəndələrinin Almaniyaya səfərindən sonra texniki peşə təhsili sahəsində birgə layihələrin həyata keçirilməsi üçün imkanlar yaranmışdır. Almaniyada fəhlə kadrlarının hazırlanması təcrübəsinin nazirdə maraq oyatmasının səbəbi odur ki, orada peşə təhsili verən peşə məktəbləri müəssisələrlə müqavilələr əsasında fəaliyyət güstərir. Şagirdlərin təhsil haqlarını ödəməklə bərabər işə götürən öz müəssisəsində şagirdlərin peşə təhsilinin təcrübə hissəsini keçmələri üçün şərait yaradır - şagirdlər orada istehsalat təcrübəsi keçirlər. Üstəgəl şagirdlər istehsalat təcrübəsi keçdikləri müddətdə əmək haqqı şəklində müəyyən gəlir də əldə etmək imkanı qazanırlar. Bu cür əməkdaşlıq hər iki tərəfə sərfəlidir - təhsil ocağı işə götürənlə praktiki əlaqə yaradır, əlavə xərc çəkmədən şagirdlər istehsalat təcrübəsi keçmək imkanı qazanır, işə götürən isə yüksək səviyyədə ixtisaslaşdırılmış kadr əldə edir.

Əgər texniki peşə təhsilinə birbaşa rəhbərlik edən məmurlar bu sistemin keçmiş iş təcrübəsilə tanış olsa idilər, o zaman nazirə məlumat verərdilər ki, vaxtilə bizim respublikada da fəhlə kadrlarının hazırlanması buna oxşar metodla həyata keçirilirdi.

Bu cür əməkdaşlıq əlavə xərc çəkmədən şagirdlərə istehsalat təcrübəsi keçmək imkanı verdiyinə görə həm peşə məktəbləri üçün, həm də işə götürən üçün sərfəli idi. Çünki o, məktəbi bitirən məzunların hamısını özü işə götürürdü və istehsalatda onların peşə hazırlığı dərəcələrini müəssisənin tələb etdiyi səviyyəyə çatdırırdı. Fəhlə peşəsinin bu cür öyrədilməsi modeli faktiki olaraq bütün sosialist iqtisadiyyatlı ölkələrin hamısında mövcud idi, o cümlədən keçmiş ADR-də də. Həmin dövrlərdə tədris-istehsalat korporasiyasına oxşar bir model - fəhlə kadrlarının hazırlanması prosesini birgə təşkil edə biləcək birlik - texniki peşə məktəbləri ilə müəssisələrin birliyi fəaliyyət göstərirdi. Misir Mərdanov televiziyada çıxış edərkən “SSRI-də Texniki peşə məktəbləri özləri üçün mövcud idi və onları faktiki olaraq heç nə birləşdirmirdi” deməklə növbəti yanlışlığa yol verdi. O, Demokratik Islahatlar Partiyasının təşəbbüsü ilə təşkil edilmiş “dəyirmi masada” Milli Məclis üzvlərinin və universitet rektorlarının yanında texniki peşə təhsilinin problemlərini kifayət qədər bilmədiyini boynuna aldı. Əgər nazir həmin tədbirdə və “Vışka” qəzetində dərc olunmuş məktuba cavab olaraq verdiyi sözə əməl edib texniki peşə təhsilinin mütəxəsisləri ilə görüşsəydi onda ona izah olunardı ki, iqtisadi islahatların başlanması ilə baza müəssisələrinin də yox olması səbəbindən işə götürənlər qismində əsasən yeni yaradılmış kiçik və orta biznes strukturları çıxış edirdilər. Bu müəssisələrin imkanları məhdud oduğundan onlar Almaniyadakı müəssisələr kimi fəhlə kadrlarının tam hazırlanması prosesini maliyyələşdirə bilməzlər. Aydındır ki, nə almanların, nə yaponların, nə də başqalarının fəhlə kadrlarını hazırlayan sistem bizim respublika şəraitində məqbul ola bilməz.

Azərbaycan təhsil sistemi texniki peşə təlimini anlamayacaq duruma düşüb

Vaxt var idi Bakıda müəssisələrin və texniki peşə məktəblərinin birgə fəaliyyətləri üçün bərabər iqtisadi maraqlara söykənən, keyfiyyətcə yeni modeli tətbiq olunmuşdu. Bu şərait respublika Nazirlər Kabinetinin 18 oktyabr 1988-ci il tarixli qərarı ilə yaradılmışdı. Həmin qərarla nazirlik və təsisatlar məcbur edilirdilər ki, texniki peşə məktəblərinin istehsalat təlimi emalatxanalarının bazasında sex, zavod və fabriklərin filialları təşkil olunsun, lazımi avadanlıqlarla, materiallarla, xammalla təchiz etsinlər və məhsul hazırlamaq üçün peşə məktəblərinə müntəzəm olaraq sifarişlər versinlər.

Bu, birinci növbədə müəssisələrin istehsalat sifarişlərinin hazırlanmasından əldə olunan gəlirlərin hesabına peşə məktəblərinin istehsalat fəaliyyətlərinin hiss olunacaq səviyyədə genişlənməsinə imkan yaratdı. Həmin sifarişləri peşə məktəblərinin təlim emalatxanalarında yerləşdirməklə bu müəssisələr şagirdlərin istehsalat təlimi prosesində birbaşa iştirak edirdilər. Bununla da sərf olunan vəsaitin bir hissəsi müəssisələrin payına düşürdü.

Keçmiş illərdən fərqli olaraq texniki peşə məktəblərinin problemlərini həll etmək iqtidarında olmayan yeni sənaye infrastrukturunun yarandığı dövrdə, hələ hökumət təhsil xidmətinin əsas təchizatçısı olanda təhsilin az-çox əhəmiyyətli bəndi olan texniki peşə təhsili sistemi fəhlə kadrlarının hazırlanması prosesinin hamısını ancaq bu sahənin öz daxilindəcə həyata keçirmək məcburiyyətilə üzləşdi.

Bu məqsədlə Bakı texniki peşə məktəbləri keçmiş baza müəssisələrinin funksiyasını da öz üzərlərinə götürərək özlərinin güclü maddi-texniki bazalarını yaratmağa başladılar və öz bazalarında şagirdlərin peşə təhsilini tam olaraq təşkil etdilər. Tədris-istehsalat emalatxanalarının bazasında peşə məktəblərinin kollektivlərinin təsis etdikləri tədris-istehsalat firmaları, təsərrüfat hesablı emalatxanalar, müəssisələrin filialları fəaliyyət göstərməyə başladı. Onların tədris-istehsalat emalatxanaları peşə məktəbinin peşə yönümünə uyğun faktiki olaraq mini-fabrik, mini-zavod, mini geyim evi kimi fəaliyyət göstərirdi. Bu texniki peşə məktəbləri tədris-istehsalat ocaqları kimi fəaliyyət göstərməyə başladı. Bütün bunlar imkan yaradırdı ki, şagirdlərin istehsalat təlimi prosesi zamanı istehsal etdikləri məhsulun həcmi onların tədris-istehsal proqramını tam mənimsəyə biləcəkləri səviyyəyə çatdırılsln, tədricən dövlət büdcəsindən ayrılan vəsaitdən imtina edərək özünümaliyyəyə keçsin. Lakin Təhsil Nazirliyinin məmurları texniki peşə məktəbləri ilə təsərrüfat hesablı müəssisələrin birgə fəaliyyəti modelini anlamayaraq ləğv etdilər.



Çərşənbə 16 İyun 2010
(III YAZI)

Hələlik, hər şey şüursuz şəkildə dağıdılır, nə zaman yığılacağı bəlli deyil

Televiziya verilişlərinin birində Təhsil Naziri Misir Mərdanov cəmiyyəti məlumatlandıraraq dedi ki, Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramının (2007-2012-ci illər) qərarları üzərində işləyirik və nəyi çatdırarıq onu da edərik. Amma texniki peşə təhsilinin inkişafı üzrə yeni Dövlət Proqramını qəbul etmək qaçılmazdır. Bu o deməkdir ki, Respublikanın texniki peşə təhsilinin inkişafı üzrə qəbul olunmuş qərarlar, qətnamələr, bağlanmış müqavilələr Təhsil Nazirliyi tərəfindən nəinki yerinə yetirilmir, hətta bu sahənin tamamilə dağıdılması davam edir.

Məlumdur ki, yeni proqram ondan əvvəl qəbul olunmuş proqramın işlək nəticələrinin üzərində qurulmalıdır. Bəs əsas prioritetlər, o cümlədən peşə təhsilinin ictimai statusunun yüksəldilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, yeni iqtisadi münasibətlərin formalaşdırılması və idarəetmənin təkmilləşdirilməsi, tədrisin mahiyyətinin müasir tələblərə uyğun yenilənməsi, kadr hazırlığının dövrün tələblərinə uyğun formalaşdırılması olan indiki proqram necə yerinə yetirilir?

Səlahiyyət nə qədər istəyirsən, bacarıq isə sıfır!

Dövlət Proqramının əsas istiqamətlərindən biri də bazar iqtisadiyyatı şəraitində yararsız sayılan peşə məktəblərini idarə edən strukturun təkmilləşdirilməsidir. Hələ 15 iyun 1999-cu ildə qəbul edilən “Azərbaycan respublikasının Təhsil sahəsində islahatlar Proqramı”nda texniki peşə məktəblərində “ictimai-dövlət” idarəetmə strukturunun yaradılması nəzərdə tutulmuşdu. Bazar iqtisadiyyatı şəraitində yalnız bu cür idarəetmə strukturu texniki peşə təhsili proyektlərini uğurla həyata keçirə bilər. O vaxtlar oduğu kimi bu gün də Təhsil Nazirliyinin rəhbərliyi bu sərəncamı diqqətdən kənarda saxlayır. Çünki belə bir strukturu yaratmaq əlindən gəlmir. Yararsız bir strukturu əvvəlki şəkildə saxlamaqla bu sahənin problemlərinin həllindən faktiki olaraq kənara çəkilərək onu bir şöbənin məmurlarının öhdəsinə buraxıblar. Bəs indiki proqramın digər əsas istiqamətlərindən biri olan tədrisin mahiyyətinin müasir tələblərə uyğun yeniləşdirilməsi müddəası necə yerinə yetirilir? Ötən əsrin 80-ci illərində Bakının texniki peşə təhsili sistemində təsərrüfat hesablı münasibətlər yaranmağa başladı. Sıradan çıxmış baza müəssisələrinin əvəzinə hüquqi statuslu, möhürü və bankda hesabı olan müəssisələr yaratmağa başladılar. Onlar tədris prosesini, birinci növbədə şagirdlərin peşə təhsilini birlikdə təşkil etmək üçün texniki peşə məktəbləri ilə korporativ əsasda birləşdilər. Bu onlara tədris proqramını daha dərindən mənimsəməyə imkan verirdi. Şagirdlərin istehsalat təlimi hiss olunacaq dərəcədə yaxşılaşdı. Çünki təlimlər fəhlə peşəsinin əsaslarına, tədris proqramının mənimsənilməsinə şərait yaradacaq həcmdə faydalı məhsullar istehsal etməklə, əmək prosesi zamanı həyata keçirilirdi. Təhsil Nazirliyi göstərilən təsərrüfat hesablı müəssisələri - texniki peşə məktəblərinin partnyorlarını ləğv etdi.

Bakı şəhərində əksər peşələr üzrə, o cümlədən iqtisadiyyatın sənaye sferası üçün fəhlə kadrlarının hazırlanması dayandırılmışdır. Hər kəs elə bir fəhlə sənəti mənimsəmək istəyir ki, həmin sənətə onun yaşadığı regionda tələbat olsun. Məsələn, Bakı şəhərində inşaat işləri geniş vüsət alıb. Hərbi Sənaye Nazirliyinin müəssisələri inkişaf etməkdədir, neft-qaz sənayesi genişlənir və onlara çoxlu miqdarda inşaatçılar, qaynaqçılar, tornaçılar, çilingərlər, neftçilər və bir çox ixtisaslı fəhlələr tələb olunur. Bunları isə Bakı texniki peşə məktəbləri əmək bazarının tələb etdiyi səviyyədə hazırlaya bilmir.

Göründüyü kimi peşə məktəbləri nəinki Proqramda nəzərdə tutulan dövrün tələblərinə uyğun gəlmir, ümumiyyətlə ixtisaslı fəhlə kadrları hazırlamaq bacarığında deyil.

Onlar gəlir yaratmaq hüququndan məhrum ediliblər

Təhsil Nazirliyi texniki peşə təhsili sistemində yeni iqtisadi münasibətlərin formalaşdırılması üçün nələr edir?

Texniki peşə məktəbləri dövlət büdcəsinin vəsaitindən savayı, həm də gəlir əldə etməlidir. Belə ki, onların fəhlə kadrları hazırlama sxemi: “öyrənərək istehsal et və gəlir götür” formasında həyata keçirilməlidir. Bu isə o deməkdir ki, şagirdlərin istehsalat təlimi prosesi mütləq məhsuldar ictimai-faydalı əməyə cəlb etməklə həyata keçirilməlidir. Şagirdlərin istehsalat təlimi prosesi zamanı qazandıqları vəsaitin həcmi onların təlim proqramını necə yerinə yetirmələrinin və fəhlə peşəsini hansı səviyyədə mənimsəmələrinin göstəricisi kimi qəbul olunur.

“Hər bacıya bir sırğa”

Paradoksal bir vəziyyət yaranıb! Institutlar, texnikumlar, kolleclər və xüsusi məktəblər ödənişli əsaslarla fəaliyyət göstərərək vəsait qazanırlar, amma texniki peşə məktəblərinin əksəriyyətinin gəlirləri yoxdur, ona görə ki, onlar öz məzunlarına əmək bazarının tələb etdiyi səviyyədə ixtisaslı fəhlə peşəsi öyrədə bilmirlər. Onlar ancaq dövlət büdcəsi hesabına yaşayırlar.

Bax buna görə də son illər ərzində heç bir gəliri olmayan peşə məktəblərinin vəsaiti hesabına nə bir dəzgah, nə də başqa bir avadanlıq alınıb. Bazar iqtisadiyyatı şəraitində texniki peşə məktəblərinin maddi-texniki bazası lazımi səviyyədə öz gəlirləri hesabına təchiz oluna bilər. Lakin bu iş dövlətin belinə yüklənib. 2009-cu ildə prezidentin ehtiyat fondundan texniki peşə təhsili ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Təhsil Nazirliyinə 2 milyon manat vəsait ayrılmışdı. Bunun effekti olacaqmı, bu pulların peşə məktəblərinin tədris-istehsalat bazasının möhkəmləndirilməsi üçün ayrılmış hissəsindən səmərəli istifadə ediləcəkmi? Ən dəqiqi budur ki, vəsaitləri ayrı-ayrı obyektlərə “hər bacıya bir sırğa” prinsipi ilə bölüşdürəcəklər. Texniki peşə məktəblərinin təlim emalatxanaları bu vəsaitə avadanlıqlar alsalar belə, indiki struktur məmurlarının ləğv elədiyi partnyor-müəssisələrin köməyi olmadan qazanc əldə edə bilməyəcəklər. Gördüyünüz kimi Təhsil Nazirliyi peşə məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi problemini nəinki öz gücünə həll etmək iqtidarında deyil, hətta bu işə Dövlət tərəfindən ayrılmış vəsaiti çox vaxt nəticəsiz olaraq israf edir. Cəzasızlıq şəraiti ona gətirib çıxarıb ki, Təhsil Nazirliyi Texniki peşə təhsilinin inkişafı üzrə qəbul olunmuş qərar və qətnamələri qulaqardına vurur, onlara əhəmiyyət vermir. Buna görə də bu sahə tamamilə dağılıb gedir.



17 İyun 2010
(IV YAZI)

Bu sistemi hansı müddətə darmadağın etmək olar

Milli Məclisdə uzun sürən müzakirələrdən sonra qəbul olunmuş “Təhsil haqında qanun”-da nəzərdə tutulur ki, Respublikamızda 9 sinif təhsili (ünumi orta təhsil) icbaridir. Beləliklə qabaqkı kimi əsas təhsil yenə də dövlət hesabına həyata keçiriləcəkdir. Bundan sonra 9-cu sinif məzununa imkan veriləcək ki, təhsilini davam etdirməyin bu və ya baçqa formasını özü seçsin. Məsələn, texniki peşə məktəbində oxuyub fəhlə peşəsini öyrənmək. Bunun üçün 9-cu sinif təhsili kifayət edir. Öz növbəsində Dövlət, əvvəllərdə olduğu kimi, daha texniki prşə məktəblərindən tələb etməyəcək ki, onlar məzunla tam orta təhsil attestatı versin. Texniki-peşə məktəbləri ilk öncə peşə təhsili vermək mədsədilə yaradılıb və tədris proqramında ixtisas, ümumtexniki və istehsalat təlimi dərsləri keçirilməsi nəzərdə tutulur.

Keçən əsrin 70-ci illərində ümumitəhsil məktəbləri məcburi tam orta təhsil proqramını yerinə yetirə bilmədikləri üçün “partiya və hökumət” bu vəzifəni texniki-peşə məktəblərinə də sırımışdı. Hətta ona belə bir ad da qoymşudu-“orta texniki peşə məktəbi” (indiki lisey). O vaxtkı kimi, indi də ən çox təşvişə salan odur ki, peşə məktəblərinin başlıca vəzifəsi - şagirdlərə peşə təhsili vermək arxa plana keçdi. O vaxtlar acınacaqlı vəziyyətdən o çxartdı ki, baza müəssisələri peşə təhsili prosesinin təşkilatçlığının böyük hissəsini öz üzərinə götürdü. Sonradan tədris prosesinin təşkili üçün peşə məkrəblərinin məxsusi köməkçi partnior müəssisələri yaradıldı.

Lakin Təhsil Nazirliyi texniki peşə təhsili sisteminin onun tərkibinə qarılandan sonra yaradılmış tədris-istehsalat mexanizmini işlədə bilmədiyi üçün onları ləğv elədi. Bugünkü texniki-peşə məktəblərində şagirdləri ictimai-faydalı əməyə cəlb etmədən “öyrədirlər”. Bunun nəticəsi olaraq ixtisaslı fəhlə kadrlarının hazırlanmasından söhbət belə gedə bilməz. Beləliklə Bakı şəhərində əksər peşələr üzrə, o cümlədən iqtisadiyyatın sənaye sferası üçün fəhlə kadrlarının yetişdirilməsi dayandırılmışdır. Təhsil Nazirliyinin rəhbərliyi texniki peşə məktəblərini qondarma peşəyönümlü adı altında ümumtəhsil məktəblərinə çevirərək əslində şagirdlərin ümumtəhsil hazırlığıni ortaya qoyur. Bu cür yalançıq peşəyönümlü məktəblərinə şagirdləri cəlb etmək məqsədilə onlara “təmtəraqlı” lisey statusu da verir. Bununla belə bu liseylərə ümumtəhsil məktəb məzunlarının real ehtiyyatının 6%-i gəlir. Şagirdlər bu liseylərə ona görə gəlmirlər ki, orada nəinki əmək bazarının tələb etdiyi səviyyədə peşə öyrədilmir, hətta lazımi səviyyədə ümumi təhsil də verilmir. İndiki Proqramın əsas istiqamətlərindən biri: texniki peşə təhsili sisteminin ictimai ststusunun yüksəldilməsi bü cür yerinə yetirilir.

“Təhsil haqında Qanun”-da 9-cu sinif məzunun peşə liseylərində peşə təhsili ilə yanaşı həm də ümumi orta təhsil almaq ikanının olması nəzərdə tutulur. Üç qiymətlərlə oxuyan, əvvələr “tpm”-çilər adlandırılan bu şagirdlər həm orta təhsili, həm də əmək bazarının tələb etdiyi səviyyədə fəhlə ixtisaslarını müvəffəqiyyətlə mənimsədiklərini test vasitəsilə təstiqləyə bilərlərmi? Aydındır ki, əksəriyyət bunu edə bilməz. Deməli, onlar peşə liseylarində orta ixtisas təhsili ocaqlarındakı (texnikum) kimi öz hesablarına oxumalıdırlar. Onlar Bunu edəcəklərmi? Şübhəsiz Liseylərin özlərinin də həm ixtisaslı fəhlə kadrlarını hazırlamaq, həm də ümumi orta təhsil vermək hüququ almaq üçün akreditasiyadan keçmələri lazımdır. Onlar güclü maddi-texniki və əmək bazarının tələb etdiyi ixtisaslı fəhlə kadrlarının hazırlanmasında, eyni zamanda şagirdlərə ümumi orta təhsil verməkdə konkret göstəricilərə malik olmalıdırlar. Boynumuza alaq ki, bizim respublikada beleləri yoxdur. Deməli, “Təhsil haqında Qanunun” işə düşdükdən sonra dövlətin ümuni təhsilə ayırdığı vəsaiti israf edən həm ixtisaslı fəhlə kadrlarını hazırlamaq, həm də ümumi orta təhsil vermək hüququ almaq üçün akreditasiyadan keçməyən lisensiyasız liseylər məsuliyyətə cəlb olunmalıdırlar. Dövlət büdcəsindən vergiödəyənlərin hesabına yığılmış vəsaiti mütəmadi olaraq onlara ayıran orqan da məsuliyyət daşımalıdır. Belə çıxır ki, vergiödəyicilər vəsaiti uşaqlarının gələcəkdə yarımçıq fəhlə , deməli işsiz qalmaları üçün ödəyirlər.

Fəhlə kadrlarının hazırlanması sahəcində dağıdılma prosesi davam edir, amma pespublikada buna hamı dostcasına göz yumur.

“Təhsil haqında Qanunun” nəhayət ki, hər şeyi öz yerinə qoyacaq. Respublikanın peşə liseylərinin gələcək fəaliyyətləri sual altında olan həqiqi vəziyyətləri üzə çıxacaq. Bəs onların gələcək taleləri necə olacaq?

2009-cu ilin dekabr ayında təhsil naziri Misir Mərdanov6 №- li Bakı texniki peşə liseyinin 40 illiyinə həsr olunmuş mərasimdəki çıxışında peşə məktəblərinin direktorlarını xəbərdar etdi ki, “Azərbaycan təhsil nazirliyi hər tərəfli müqavimət göstərir ki, texniki peşə məktəblərinin əraziləri təyinatı olmayan məqsədlərlə istifadə olunmasın və əgər texniki peşə məktəblərinin əraziləri peşə məktəblərinin özləri tərəfindən istifadə edilməzsə onlar başqaları tərəfindən tutula bilər”. Acı təcrübəyə əsaslanaraq əminliklə demək olar ki, respublikanın təhsil naziri Misir Mərdanov bu prosesə müqavimət göstərdiklərini bəyan edərkən fəndgirlik edirdi, çünki texniki-peşə məktəbləri Təhsil Nazirliyinin tərkibinə qatılandan sonra Bakı şəhərinin texniki peşə məktəblərinin yarıdan çoxu ləğv edilərək binaları kənar təşkilarlara verilmişdir. Elə Təhsil Nazirliyinin özü Bakı şəhərinin texniki peşə məktəblərinin birində yerləşdirilmişdir. Şübkə yoxdur ki, bu proses davam edəcəkdir. Axı, “Təhsil haqında Qanunun” işə düşdükdən sonra peşə liseylərinin fəaliyyəti faktiki olaraq dayandırılmalıdır.

Fəhlə kadrları hazırlayan sistemi ancaq öz işi ilə - şagirdlərin peşə təhsili prosesini təşkil etməklə məşğul olan texniki peşə məktəblərini sərbəst idarə edəcək struktur yaratmaqla xilac etmək mümkündür.

Şagirdlərin ümumtəhsil hazırlığı ilə məktəblər məşğul olmalıdırlar, Peşə məktəblərində həm ümumi orta təhsilli, həm də tam orta təhsilli məktəb məzunlarina fəhlə peşələri öyrədilməlidir. Rusiyanın texniki peşə təhsili sahədində lider olan Tatarstanda işlər məhs belə qurulub. Peşə məkrəbləri umumtəhsil məktəblərinin əlavəsinə çevrilməməlidir.

Copyright © 2009 Azerin LLC