Р.Г. Алиев / Книга / Статьи / Публикации / Написать письмо: rafig.aliyev.gudrat@gmail.com

“Ədalət” Qəzeti


25.01.2011

“Texniki peşə məktəblərinin acı taleyi”

Uzun sürən müzakirələrdən sonra Respublikada "Təhsil haqqında" yeni qanun qəbul edilmişdir.
    Paradoks. Bu qanunun, ümumiyyətlə bütün qanunların qəbul edilməsində məqsəd uyğun sahənin fəaliyyətini təkmilləşdirməkdən ibarətdir. Bizdə isə paradoks. Bu qanun qüvvəyə mindikdən sonra peşə məktəblərinin fəaliyyəti faktiki olaraq dayandırılır.
    Məsələn "Təhsil haqqında" yeni qanun peşə liseylərinin illərdən bəri gizlədilən həqiqi böhran vəziyyətini üzə çıxararaq hər şeyi öz yerinə qoydu. Məlum oldu ki, bizim respublikada bu təhsil ocaqları həm ixtisaslı fəhlə kadrları hazırlamaq, həm də şagirdlərə tam orta təhsil verə bilmək qabiliyyətini təstiq edə bilmirlər. Onlar eyni vaxtda həm ixtisaslı fəhlə kadrlarının hazırlanması, həm də şagirdlərə tam orta təhsil verə bilməsini təsdiqləyə biləcək lisenziya almaq üçün nə əmək bazarının tələb etdiyi səviyyədə ixtisaslı fəhlə kadrlarının hazırlanmasında konkret göstəricilərə, nə də şagirdlərə tam orta təhsil vermək üçün müvafiq maddi-texniki bazaya malik deyillər. Beləliklə, respublikanın peşə liseylərinin şagirdlərə tam orta təhsil vermək üzrə gələcək fəaliyyətləri dayandırılmalıdır.
    Uzun illərdən bəri qondarma peşə liseylərinin vəziyyəti haqqında hər hansı bir informasiya sızmasının qarşısını almaqla əsl vəziyyəti cəmiyyətdən bax beləcə gizlədərək konkret olaraq dövlət büdcəsinə mütəmadi vergi ödəyənlərin vəsaitləri hesabına onların uşaqlarını yarımçıq fəhlə halına salmışdır.
    İlk peşə-ixtisas təhsili müəssisələrinin inkişafı üçün cavabdeh olan təsisatlar ("rəhbərlər") isə bütün imkanlara malik olmalarına baxmayaraq bu cür böhran vəziyyətini öyrənməyə cəhd göstərmirlər.
    Yalnız, Bakı texniki peşə təhsili mütəxəssislərinin təşəbbüs qrupu həm texniki peşə məktəblərinin fəaliyyətinin təhlilinin nəticəsini, həm də "Təhsil haqqında" yeni qanun qüvvəyə mindikdən sonra peşə liseylərinin düşdüyü böhran vəziyyəti KİV vasitəsi ilə cəmiyyətə çatdırmışdır. Təşəbbüs qrupu peşə liseylərinin şagirdlərin ümumtəhsil hazırlığını gələcəkdə də həyata keçirməsi üçün maliyyələşdirilməsi məsələsinin məqsədəuyğunluğuna baxılması məqsədi ilə İqtisadi inkişaf Nazirliyinə, Maliyyə Nazirliyinə və Hesablama Palatasına məktub göndərmişdir. Lisey rəhbərləri bu işi davam etdirməklə dövlət büdcəsinin vəsaitlərini israf etdiklərinə görə məsuliyyətə cəlb olunmalıdırlar. Bizim ilk peşə-ixtisas təhsili müəssisələrinin taleyi gələcəkdə necə olacaq?
    Bundan belə Azərbaycandakı bütün texniki peşə ocaqları öz fəaliyyətlərini yalnız şagirdlərə peşə təhsili verməyə yönəltməlidirlər. Yadımıza salaq ki, texniki-peşə məktəbləri ilk öncə peşə təhsili vermək məqsədilə yaradılıb və tədris proqramında ixtisas, ümumtexniki və istehsalat təlimi dərslərin keçirilməsi nəzərdə tutulur. Bəs Təhsil nazirliyinin tərkibində fəaliyyət göstərən bugünkü peşə məktəblərinin gücü buna çatacaqmı?
    İndi də ilk peşə-ixtisas təhsili müəssisələrində şagirdlərin peşə hazırlığındakı yaranmış əsil böhran vəziyyəti respublika texniki peşə təhsili sistemində tam orta təhsil hazırlığı dayandırılandan sonra üzə çıxacaq. Bəs şagirdlərin peşə hazırlığı prosesindəki böhranın yaranmasının əsil səbəbi nədədir?
    Yadımıza salaq ki, texniki-peşə məktəbləri ümumtəhsil məktəblərindən fərqli olaraq tədris-istehsalat sahəsidir. Çünki o eyni zamanda həm təhsil sferasına, həm də məhsul istehsalçısı rolunda çıxış edərək iqtisadiyyat kompleksinə aiddir. O, bazar iqtisadiyyatı şəraitində o zaman müvəffəqiyyətlə fəaliyyət göstərər ki, tədris-istehsalat sahəsi kimi fəaliyyət göstərən ixtisaslı fəhlə kadrları hazırlayan sistemin bir bəndi olsun, yəni, tədris prosesini birlikdə həyata keçirən peşə məktəbləri ilə tərəfdaş müəssisələrin korporativ birliyi kimi fəaliyyət göstərmiş olsun.
    Sosialist iqtisadiyyatı şəraitində də fəhlə kadrlarını birgə hazırlamaq üçün dövlət tərəfindən peşə məktəblərinin tərəfdaş müəssisələri - baza müəssisələri müəyyən edilirdi. Dövlət Plan Komitəsi hazırlanacaq peşələr üzrə fəhlə kontingentini müəyyənləşdirir, avadanlıqlar alınması üçün fond, maddi-texniki bazanın möhkəmləndirilməsi üçün inventar, şagirdlərin məhsuldar əməyi əsasında istehsalat təlimini təşkil etmək üçün mal-material ayırır, eləcə də şagirdlər tərəfindən dəzgah və digər məmulatlar hazırlamaq üçün sifarişlər verirdi. Bu, o vaxtlar da dövlət tərəfindən dəqiq qaydaya salınmış peşə məktəbləri ilə müəssisə və təsisatların şagirdlərin istehsalat təlimi prosesini birgə təşkil etmək üçün tədris-istehsalat korporasiyasına bənzər struktur idi.
    Bu, zərurətdir. Çünki heç bir texniki peşə məktəbi təklikdə şagirdlərin istehsalat təlimi prosesini müəssisə və təsisatlarla korporativ birliyi olmadan təşkil edə bilməz. Deməli, o öz vəzifəsini - şagirdlərin istehsalat təlimi prosesini lazımi səviyyədə yerinə yetirə bilməz. Bu iş istehsalat təlimi prosesinin təşkili zamanı sagirdləri ictimai faydalı, məhsuldar əməyə cəlb etməyi tələb edir. Buna görə təkbaşına, köməksiz olaraq istehsal olunacaq məhsullar üçün sifarişçilər axtarmaq, xammal əldə etmək, məmulatın texniki sənədlərini hazırlamaq, hazır məhsulların realizasiyası üçün satış obyektləri tapmaq və bu kimi bir çox işləri görmək texniki peşə məktəbləri üçün çox çətindir. Texniki peşə məktəblərini və təsərrüfat hesablı texniki peşə müəssisələrini korporativ şəkildə birləşdirən struktur - texniki peşə təhsili Bakı tədris-istehsalat birliyi ötən əsrin 80-ci illərində müvəffəqiyyətlə fəaliyyət göstərirdi. Bu, iqtisadi maraqlar prinsipi ilə fəaliyyət göstərən, peşə məktəblərini demokratik əsaslarla idarə edən ictimai-dövlət strukturu idi.
    Üç təhsil təsisatını birləşdirdikdən sonra respublika hökuməti Bakı Tədris-İstehsalat Birliyinin iş təcrubəsini respublikanın texniki peşə təhsili sistemində yaymaq məqsədilə 28 iyun 1989-cu il tarixli sərəncamı ilə Təhsil Nazirliyinin nəzdində Texniki Peşə Təhsili Eksperimental Tədris-itehsalat Birliyini yaratdı.

   
Lakin Təhsil Nazirliyinin tez-tez dəyişən maarifçi-rəhbərləri bu strukturun mahiyyətinə varmadan və fəaliyyətini təşkil edə bilmədiklərindən onu nazirliyin tərkibindən sıxışdırmaq taktikasını seçdilər.
    1993-cü ilin mayında Tədris-istehsalat Birliyi ləğv edildi və texniki peşə məktəbləri şagirdlərin peşə təhsili prosesinin təşkil edilməsində partnyor müəssisələrdən və vasitəçilərdən məhrum oldular.
    Həmin dövrlərdən peşə məktəblərində şagirdlərin istehsalat təlimi prosesi anormal formaya salınaraq şagirdləri faydalı, səmərəli əməyə cəlb etmədən həyata keçirilir. Bununla da onlar nəinki fəhlə peşələrinə yiyələnə bilmədilər, həm də gəlirdən məhrum oldular. Bazar iqtisadiyyatı dövründə peşə məktəbləri təhsil nazirliyi tərəfindən dövlət büdcəsinə "oturdulub" və faktiki olaraq bütün problemlərin həlli dövlətin belinə yüklənib. Buna nazirliyin şöbəsi səviyyəsinə endirilərək ümumtəhsil məktəblərinin idarəetmə struktu ilə eyniləşdirilən texniki peşə məktəblərini idarə edən indiki strukturun yaradılması səbəb oldu. Halbuki fəhlə kadrlarını hazırlayan sistem əsası qoyulan vaxtdan ancaq sərbəst sahə kimi fəaliyyət göstərmişdir.
    Bu şöbənin azsaylı (5-6 nəfər) məmurları təyin edilərkən onların bacarıqlarına və peşəkarlığına laqeyd yanaşıldığından tədris-istehsalat mexanizmini yaratmağı, peşə təlimi prosesini təşkil etməyi bacarmırlar. Ona görə də onlar peşə məktəblərində şagirdlərin ümumtəhsil hazırlığına istinad edirlər və texniki peşə məktəblərini qondarma peşəyönümlü zəif ümümtəhsil məktəblərinin səviyyəsinə çatdırıblar. Təhsil Nazirliyi isə onlara peşə liseyləri kimi "nüfuzlu" ad qoyub.
    O ki, qaldı şagirdlərin peşə təlimi prosesinin təşkilinə, bu prosesi təşkil etmək üçün Təhsil Nazirliyi tədris-istehsalat mexanizmini yaratmaq bacarığında deyil. Bunu, peşə məktəbləri ilə təsərrüfat hesablı müəssisələri korporativ birliyi bacarardı ki, onu da ləğv etdilər.
    Beləliklə, "Təhsil haqqında" qanun texniki peşə təhsili ocaqlarının Təhsil Nazirliyinin təkibində şagirdlərin nə peşə hazırlığını, nə də ümumtəhsil hazırlığıni həyata keçirməyi bacarmaması haqda həqiqəti üzə çıxardı. Qanun bütün qaranlıqlara işıq saldı.
    Sual? Gənclər fəhlə peşəsinə yiyələnmək üçün əmək bazarının tələb etdiyi səviyyədə fəhlə peşəsi öyrətməyə qadir olmayan peşə məktəblərinə üz tutacaqlarmı? Əksər peşə məktəbləri şagird kontingentsizliyi ilə üzləşəcək, digərlərində isə onların sayı 10 faizi aşmayacaq. Necə ki, əvvəllər Bakı texniki peşə məktəblərinin ərazilərinin bir hissəsi kənar təşkilatlara verilib, yenə də Təhsil Nazirliyi bir-iki ildən sonra şagird çatışmamazlığı üzündən peşə məktəblərini kənar təşkilatlara verəcək. Bu, fəhlə kadrları hazırlayan sistemin tabutuna Təhsil Nazirliyi tərəfindən vurulan axırıncı mismar olacaq. Azərbaycanın fəhlə kadrları hazırlayan sisteminin sonrakı taleyi necə olacaq?
    Söz Nazirlər Kabinetinindir. Bu problemin həlli üzrə onun iki yolu var:
    Bir yol odur ki, onun özünün texniki peşə təhsili tədris-istehsalat birliyi haqqında qərarı Təhsil Nazirliyi tərəfindən necə qulaq ardına vurulmasına sakitcə tamaşa eləsin. Amma buna görə o təşəbbüs qrupumuzun çoxlu mətbu orqanlar vasitəsilə müraciət etdiyi və bəyənilərək bizimlə həmrəy olan ictimaiyyət qarşısında məsuliyyət daşıyacaq.
    O biri yol - Dövri KİV-də dəfələrlə səsləndirilən təklifləri eşidəcək və texniki peşə təhsili sistemində özünün yaratdığı tədris-istehsalat birliyinin ləğv edilməsinin hüquqi cəhətdən qanuniliyini araşdıraraq bu strukturu müstəqil tədris-istehsalat birliyi (Korparasiyası) şəklində bərpa etməkdir. Çünki bu sahənin bazar iqtisadiyyatı şəraitində uğurlu fəaliyyətini təşkil edib, onu iflasdan xilas etmək yalnız bu yolla mümkündür.
    Bizim təşəbbüs qrupumuz bazar iqtisadiyyatı şəraitində Azərbaycanda peşə məktəblərini idarə edən alternativsiz idarəetmə strukturunun işləyb hazırladığı layihədən materialları İqtidadi İnkişaf nazirliyinə və Milli Məclisin İqtisadiyyat Komissiyasına təqdim etmişdir. Onun əsasını ötən əsrin 80-ci illərdə müvəffəqiyyətlə fəaliyyət göstərən texniki peşə təhsili Bakı tədris-istehsalat birliyinin təcrübəsi təşkil edir.

İlham Əliyev

Copyright © 2009 Azerin LLC