Р.Г. Алиев / Книга / Статьи / Публикации / Написать письмо: rafig.aliyev.gudrat@gmail.com

“PARİTET” QAZETİ




İxtisaslı fəhlə kadrlarının hazırlanması sahəsində böhran


Rafiq Əliyev: “Texniki peşə təhsili ümumi sistemdən təcrid olunub, buradan real vəziyyət haqqında hər hansı bir məlumat sızmasının qarşısı alınır”

Hər il ölkəmizdə yüz mindən çox gənc orta məktəbi bitirir. Bu gənclərin bir qismi ali təhsil müəssisələrinə, bir qismi orta ixtisas bir qismi isə texniki peşə təhsili müəssisələrinə qəbul olunsalar da, qalanları peşəsiz- sənətsiz əmək bazarında və cəmiyyətdə özünə yer axtarmağa məcburdurlar. Ölkədə əmək bazarında yaranmış güclü rəqabət şəraitində belə ixtisassız insanların öz məşğulluğunu təmin edə bilməsi müşkül bir məsələyə çevrilib. Belə bir vəziyyətdə peşə təhsili vasitəsilə həmin şəxslərə müvafiq peşə və ixtisaslar vermək, bununla da onları işlə təmin etmək olar. Lakin etiraf edək ki, bu təhsil pilləsinin əhəmiyyəti barədə nə qədər danışılsa da, ictimaiyyətdə, şagirdlər və validenylər arasında bu sahəyə kifayət qədər maraq yaradılmayıb . Texniki Peşə Təhsili Mütəxəssisləri təşəbbüs qrupunun rəhbəri Rafiq Əliyev də bu gün ölkədə mövcud texniki peşə təhsili ilə bağlı vəziyyətə toxundu.

-2009-cu ilin mayında Minsk şəhərində MDB dövlətlərinin təhsil nazirlərinin iştirakı ilə “Texniki peşə təhsili və dayanıqlı inkişaf üçün təhsil” mövzusunda beynəlxalq forum keçirilib. Bu forumda possovet məkanında texniki peşə təhsili sisteminin necə yaşaması haqqında söhbər getdi və təhsil təsisatlarının rəhbərlərinin yaxın vaxtlarda həll etməyi planlaşdırdıqları məsələləri müəyyən etdi. Texniki Peşə Təhsili Mütəxəssislərinin Müstəqil Təşəbbüs Qrupu bazar iqtisadiyyatı şəraitində Azərbaycanda peşə məktəblərini idarə edən alternativsiz idarəetmə strukturunun layihəsini işləyib hazırlayıb.Bu baxımdan deyə bilərik ki, Azərbaycanda ixtisaslı fəhlə kadrlarının hazırlanması sahəsində böhran yaranıb. Ona görə ki, bu sahə müstəqil deyil və 1988-ci ildə keçmiş üç təhsil təsisatının birləşməsi nəticəsində yaradılan bir qeyri- mükəmməl şöbənin idarəçiliyi altındadır. Halbuki bu sistem yarandığı gündən əvvəlcə Texniki peşə Təhsili Baş Komitəsinin, sonra Dövlət Əmək Ehtiyatları Komitəsinin və nəhayət, Texniki Peşə Təhsili üzrə Dövlət Komitəsinin himayəsi altında, sərbəst bir sahə kimi fəaliyyət göstərirdi. Texniki peşə məktəblərini hazırda idarə edən qurum onları ümumtəhsil məktəbləri ilə bərabər tutur. Lakin peşə məktəbləri tədris-istehsalat müəssisəsidir və məhsul istehsalçısı qismində çıxış etməklə, eyni zamanda həm təhsil sahəsinə, həm də iqtisadiyyat kompleksinə daxildir.

Təhsil Nazirliyi şagirdlərin ümumtəhsil hazırlığını önə çəkir. Peşə məktəbləri peşəyönümlü zəif ümumtəhsil məktəbləri səviyyəsinə endirilib. Şagirdləri bu məktəblərə cəlb etmək məqsədilə onlara “təmtəraqlı” peşə litseyi statusu da verirlər. Bununla belə bu litseylərə ümumtəhsil məktəb məzunlarının ancaq 6 faizi daxil olurlar. Şagirdlər bu litseylərə gəlmirlər, çünki orada nə əmək bazarının tələb etdiyi səviyyədə peşə öyrədilir, nə də lazımi səviyyədə tam orta təhsil.

Bu gün deyə bilərik ki, Texniki peşə təhsili ümumi sistemdən təcrid olunub, buradan real vəziyyət haqqında hər hansı bir məlumat sızmasının qarşısı alınır. Sistemin dağıdılması isə davam edir. Bu sahə üçün məsuliyyət daşıyan rəhbər məmurlar bütün imkanları olsa da problemləri öyrənməyə qətiyyən cəhd göstərmirlər. Onlar dövri mətbuatda sahənin tənəzzülü haqda həyəcan təbilinin səsini eşitmirlər, bu tənəzzülün aradan qaldırılması yollarını göstərən təkliflərə isə biganəlik göstərirlər. Peşə məktəblərini tədris-istehsalat ocağı kimi qəbul etmək qabiliyyəti olmayan Təhsil nazirliyinin bəzi məmurları mətbuatda “texniki peşə məktəbləri ilə ümumtəhsil məktəbləri əkiz qardaşdırlar” mövzusunda ağızlarına gələni danışırlar. Onların dediyinə görə, peşə litseylərində (peşə yönümlü ümumtəhsil məktəbləri) müvəffəqiyyətlə ixtisaslı fəhlə kadrları hazırlanır.

Məsələn, belə televiziya verilişlərinin birində iştirak edən Kulinar-Qənnadı-Satış peşə məktəbinin direktoru çıxış edərək şövq ilə deyir ki, nəinki Bakının ən yaxşı restoranlarında, hətta xaricdə də bu məktəbin aşpaz məzunlarını məmnuniyyətlə işə götürürlər. Bu belədirmi?Aşpazlar üçün istehsalat təlimi proqramında tədris dövründə bir şagirdin yüzdən çox fərqli xörək, salat və başqa yeməklər hazırlaması nəzərdə tutulur. Həm də bunun üçün heyvan, quş əti, balıq, meyvə, tərəvəz və bir çox başqa ərzaqlar tələb olunur. Nəzərə alsaq ki, bir qrupda 15 şagird oxuyur, onda tədris proqramını tam mənimsəmək üçün bu şagirdlərin hamısı bir yerdə yuxarıda adı çəkilən 1500-ə qədər məmulat hazırlamalıdırlar. Kulinar peşə məktəbinin özü dövlət büdcəsindən ayrılmış cüzi vəsait hesabına bütün bu prosesi təşkil etməyi bacararmı? Bu vəsaitə həmin məktəbin direktoru alsa-alsa bir kisə un ala bilər. Məsələn, veriliş iştirakçıları diplomu olmayan aşpazları, konditerləri, barmenləri, restoranların və şadlıq saraylarının ofisiantlarını kulinar-qənnadı-satış peşə məktəbinə oxumağa göndərməyi müzakirə edirdilər. Bu o deməkdir ki, bütün komplekt avadanlıqlarla, material və ərzaqla təmin olunmuş işçiləri işdən çıxarıb heç nəyi olmayan kulinar texniki peşə məktəbinə göndərmək lazımdır. Nəyin naminə? Yalnız kimlərinsə “diplom bazarını” genişləndirmək üçünmü?

Halbuki peşə məktəbləri Təhsil Nazirliyinin tərkibinə qatılana qədər bu problemi uğurla həll edirdilər. Şagirdlərin istehsalat təlimi prosesi istər məktəbin təlim emalatxanasında, istərsə də texniki peşənin yaratdığı “Məşəl” kafesində, “Gənc fəhlə” maqazin-salonunun nəzdindəki kafedə, peşə məktəblərinin yeməkxanalarında və başqa obyektlərdə özünümaliyyə prinsipi əsasında aparılırdı. Bu təsərrüfat hesablı obyektlərdə şagirdlər kulinariya və konditer məmulatları hazırlayırdılar və onların satışından əldə olunan vəsaitə isə lazımi miqdarda ərzaq alınırdı.

-Texniki peşə təhsilinin inkişafına dəstək üçün bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir. Sizcə bunun töhfəsi necə olacaq?

- Bu gün çox eşidirik ki, deyilir xaricilər bizim texniki peşə təhsili sistemini ayağa qaldıracaqlar. Gör neçə illərdir gözləyirik ki, ayrı-ayrı beynəlxalq təşkilatların nümayəndələri texniki peşə təhsili sistemindəki vəziyyətlə tanış olmaq və birgə layihələr hazırlamaq üçün danışıqlar aparmağa ölkəmizə gələcəklər. Bildirirlər ki, layihələr texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər) çərçivəsində YUNESKO-nun, Ümumdünya Bankının, Avropa Təhsil Fondunun, Beynəlxalq Əmək Təşkilatının, Yaponiya Beynəlxalq Əmək Bankının, DAEWOO korporasiyasının və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə reallaşacaq. Amma xarici donor təşkilatları ilə bağlanmış iki müqavilə iflasa uğradı. Belə ki, yaponlar respublikanın texniki peşə təhsili sistemindəki vəziyyəti təhlil edərək belə qənaətə gəldilər ki, Azərbaycanda bu sistem de-yure var, de-fakto isə əmək bazarının tələb etdiyi səviyyədə fəhlə kadrları hazırlayan sistem kimi fəaliyyət göstərmir. Buna görə də əməkdaşlıqdan imtina etdilər. Almaniya Texniki Əməkdaşlıq cəmiyyəti 3 il ərzində texniki peşə məktəblərinin və litseylərin mühəndis-pedaqoji işçilərinin tədris-metodiki biliklərinin təkmilləşdirilməsi üçün seminarlar keçirməsinə baxmayaraq respublika texniki peşə məktəblərində onların tövsiyələrini tətbiq etməyi bacarmadılar. Azərbaycan texniki peşə təhsilində Koreya sisteminin yaradılacağı haqda səsləndirdikləri bəyanat da uydurmadır. Koreyanın “Daewoo” şirkəti Azərbaycanda texniki peşə təhsili mərkəzi yaratmağa başladı. Bu sevindirici haldır. Amma bu heç də respublika texniki peşə təhsilində Koreya sisteminin yaradılması demək deyil. “Daewoo” təhsil ocağı deyil. O ancaq öz şirkətində fəhlə hazırlamaq layihəsini təklif edə bilər. Bəs belə bir sistem bizə yarayırmı? Axı bizdə fəaliyyət göstərən kiçik və orta biznes strukturları işin tam maliyələşdirilməsini böyük şirkət olan “Daewoo” kimi öz üzərilərnə götürməyi bacarmazlar.

Bəyan edildi ki, Təhsil Nazirliyinin nümayəndələrinin Almaniyaya səfərindən sonra texniki peşə təhsili sahəsində birgə layihələrin həyata keçirilməsi üçün imkanlar yaranıb. Almaniyada fəhlə kadrlarının hazırlanması təcrübəsinin nazirdə maraq oyatmasının səbəbi odur ki, orada peşə təhsili verən peşə məktəbləri müəssisələrlə müqavilələr əsasında fəaliyyət güstərir. Şagirdlərin təhsil haqlarını ödəməklə bərabər işə götürən öz müəssisəsində şagirdlərin peşə təhsilinin təcrübə hissəsini keçmələri üçün şərait yaradır - şagirdlər orada istehsalat təcrübəsi keçirlər. Üstəgəl şagirdlər istehsalat təcrübəsi keçdikləri müddətdə əmək haqqı şəklində müəyyən gəlir də əldə etmək imkanı qazanırlar. Bu cür əməkdaşlıq hər iki tərəfə sərfəlidir - təhsil ocağı işə götürənlə praktiki əlaqə yaradır, əlavə xərc çəkmədən şagirdlər istehsalat təcrübəsi keçmək imkanı qazanır, işə götürən isə yüksək səviyyədə ixtisaslaşdırılmış kadr əldə edir.

Əgər texniki peşə təhsilinə birbaşa rəhbərlik edən məmurlar bu sistemin keçmiş iş təcrübəsilə tanış olsaydılar, o zaman nazirə məlumat verərdilər ki, vaxtilə bizim respublikada da fəhlə kadrlarının hazırlanması buna oxşar metodla həyata keçirilirdi. Belə ki, texniki peşə məktəbləri onlar üçün konkret müəyyən olunmuş baza müəssisələrinə (işə götürınə) fəhlə kadrları hazırlayırdı və onlar şagirdlərə peşə təhsili verilməsi prosesini birlikdə həyata keçirirdilər.İşə götürən (baza müəssisəsi) öz müəssisəsində şagirdlərin peşə təhsilinin təcrübə hissəsini keçmələri üçün şərait yaradırdı, şagirdlər orada istehsalat təcrübəsi keçirdilər və əmək haqqı şəkilində müəyyən qazanc əldə etmək imkanı qazanırdılar.

Bu cür əməkdaşlıq əlavə xərc çəkmədən şagirdlərə istehsalat təcrübəsi keçmək imkanı verdiyinə görə həm peşə məktəbləri üçün, həm də işə götürən üçün sərfəli idi. Çünki o məktəbi bitirən məzunların hamısını özü işə götürürdü və istehsalatda onların peşə hazırlığı dərəcələrini müəssisənin tələb etdiyi səviyyəyə çatdırırdı. Fəhlə peşəsinin bu cür öyrədilməsi modeli faktiki olaraq bütün sosialist iqtisadiyyatlı ölkələrin hamısında mövcud idi, o cümlədən keçmiş ADR-də də. Amma vaxt var idi Bakıda müəssisələr və texniki peşə məktəblərinin birgə fəaliyyətləri üçün bərabər iqtisadi maraqlara söykənən, keyfiyyətcə yeni model tətbiq olunmuşdu. Buna respublika Nazirlər Kabinetinin 18 oktyabr 1988-ci li tarixli qərarı da səbəb oldu. Həmin qərarla nazirlik və təsisatlara göstəriş verildi ki, texniki peşə məktəblərinin istehsalat təlimi emalatxanalarının bazasında sex, zavod və fabriklərin filialları təşkil olunsun, lazımi avadanlıqlarla, materiallarla, xammalla təhciz etsinlər və məhsul hazırlamaq üçün peşə məktəblərinə müntəzəm olaraq sifarişlər versinlər. Bu, birinci növbədə müəssisələrin istehsalat sifarişlərinin hazırlanmasından əldə olunan gəlirlərin hesabına peşə məktəblərinin istehsalat fəaliyyətlərinin hiss olunacaq səviyyədə genişlənməsinə imkan yaratdı. Həmin sifarişləri peşə məktəblərinin təlim emalatxanalarında yerləşdirməklə bu müəssisələr şagirdlərin istehsalat təlimi prosesində birbaşa iştirak edirdilər. Bununla sərf olunan vəsaitin bir hissəsi müəssisələrin payına düşürdü.

-Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramının qəbulu nəyi dəyişəcək?

- Hazırki durumda texniki peşə təhsilinin inkişafı üzrə yeni Dövlət Proqramını qəbul etmək qaçılmazdır. Amma indiyə qədər texniki peşə təhsilinin inkişafı üzrə qəbul olunmuş qərarlar, qətnamələr, bağlanmış müqavilələr lazımi səviyyədə yerinə yetirilmir. Məlumdur ki, yeni proqram ondan əvvəl qəbul olunmuş proqramın işlək nəticələrinin üzərində qurulmalıdır. Bəs əsas prioritetlər, o cümlədən peşə təhsilinin ictimai statusunun yüksəldilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, yeni iqtisadi münasibətlərin formalaşdırılması və idarəetmənin təkmilləşdirilməsi, tədrisin mahiyyətinin müasir tələblərə uyğun yenilənməsi, kadr hazırlığının dövrün tələblərinə uyğun forma- laşdırılması olan indiki proqram necə yerinə yetirilir? Dövlət proqramının əsas istiqamətlərindən biri də bazar iqtisadiyyatı şəraitində yararsız sayılan peşə məktəblərini idarə edən strukturun təkmilləşdirilməsidir. Hələ 15 iyun 1999-cu ildə qəbul edilən “Təhsil sahəsində islahatlar proqramı”nda texniki peşə məktəblərində “ictimai-dövlət” idarəetmə strukturunun yaradılması nəzərdə tutulmuşdu. Bazar iqtisadiyyatı şəraitində yalnız bu cür idarəetmə strukturu texniki peşə təhsili fəaliyyətini uğurla həyata keçirə bilər. Təəssüf ki, bu sərəncam diqqətdən kənarda saxlanır. Ötən əsrin 80-ci illərində Bakının texniki peşə təhsili sistemində təsərrüfat hesablı münasibətlər yaranmağa başladı. Sıradan çıxmış baza müəssisələrinin əvəzinə hüquqi statuslu, möhürü və bankda hesabı olan müəssisələr yaratmağa başladılar. Onlar tədris prosesini, birinci növbədə şagirdlərin peşə təhsilini birlikdə təşkil etmək üçün texniki peşə məktəbləri ilə korporativ əsasda birləşdilər. Bu onlara tədris proqramını daha dərindən mənimsəməyə imkan verirdi. Şagirdlərin istehsalat təlimi hiss olunacaq dərəcədə yaxşılaşdı. Çünki təlimlər fəhlə peşəsinin əsaslarına, tədris proqramının mənimsənilməsinə şərait yaradacaq həcmdə faydalı məhsullar istehsal etməklə, əmək prosesi zamanı həyata keçirilirdi.

-Sənaye üçün fəhlə kadrlarının hazırlanması prosesi hansı səviyyədədir?

- Bakı şəhərində əksər peşələr üzrə, o cümlədən iqtisadiyyatın sənaye sferası üçün fəhlə kadrlarının hazırlanması dayandırılıb. Hər kəs elə bir fəhlə sənəti mənimsəmək istəyir ki, həmin sənətə onun yaşadığı regionda tələbat olsun. Məsələn, paytaxtda inşaat işləri geniş vüsət alıb. Müdafiə Sənayesi Nazirliyinin müəssisələri inkişaf edir, neft-qaz sənayesi genişlənir və onlara çoxlu miqdarda inşaatçı, qaynaqçı, tornaçı, çilingər, neftçi və bir çox ixtisaslı fəhlələr tələb olunur. Bunları isə texniki peşə məktəbləri əmək bazarının tələb etdiyi səviyyədə hazırlaya bilmir. Göründüyü kimi peşə məktəbləri nəinki Proqramda nəzərdə tutulan dövrün tələblərinə uyğun gəlmir, ümumiyyətlə ixtisaslı fəhlə kadrları hazırlamaq bacarığında deyil.

G. BÜNYADZADƏ
P.S. Təşəbbüs Qrupu rəhbərinin dedikləri peşə təhsili sahəsində vəziyyəti müəyyən qədər əks etdirir. Amma fikrimizcə, o məsələyə daha çox ittihamedici kim yanaşdığından vəziyyəti tam obyektiv əks etdirmək üçün hazırda bu işlə bilavasitə məşğul olan şıxslərin də rəyinə ehtiyac var. Ona görə də müsahibəni müzakirə təriqilə çap edir və əks tərəfləri də müzakirəyə dəvət edirik.

Copyright © 2009 Azerin LLC