Р.Г. Алиев / Книга / Статьи / Публикации / Написать письмо: rafig.aliyev.gudrat@gmail.com

“Qun-Səhər” qazeti


23 may 2008


TEXNİKİ PEŞƏ MƏKTƏBLƏRİNDƏ FASİLƏSİZ TƏHSİL?



Milli Məclisdə müzakirəsi davam etdiriləcək “Təhsil haqqında” qanun layihəsinə məcburi ümumi orta təhsil, yəni 9 sinif təhsilinin mütləq olması haqda bənd salınıb. Bu, o deməkdir ki, heç kimi tam orta təhsil almağa məcbur etməyəcəklər. Amma bu zaman şagird təhsilini davam etdirmək üçün texniki-peşə məktəbini seçəcəkmi?

Sirr deyil ki, bu gün texniki-peşə məktəblərinə orta məktəb məzunlarının cəmi 5%-i gəlir. Təhsil Nazirliyinin tabeliyinə verilənə qədər isə məsələn, Bakı məktəblilərinin 60%-i texniki-peşə məktəblərinə qəbul olunurdular. Bu cür vəziyyətin yaranmasının səbəbi nədir?

Başlıca səbəb budur ki, Təhsil Nazirliyi texniki peşə təhsilində olan problemlərin heç birini həll etməyə qadir deyil. Fasiləsiz təhsil haqqında ağızdolusu danışsalar da, hələ heç şagirdlərin arasında peşəyönümü işi apara bilmirlər. Amma fikir verin, Təhsil Nazirliyi yaradılana qədər Bakı şəhərində gənclər arasında peşəyönümü işləri aparmaq üçün necə effektiv fəaliyyət göstərən işlək mexanizm yaradılmışdı. Ayrı-ayrı təsisatlarda - texniki peşə məktəbləri keçmiş Texniki peşə Təhsili Dövlət Komitəsinin, orta məktəblər isə Maarif Nazirliyinin tərkibində - olmalarına baxmayaraq, peşəyönümü işləri birlikdə təşkil etmək üçün onlar arasında sıx əlaqə qurulmuşdu. Hər il keçmiş Bakı texniki peşə məktəbləri idarəsi ilə Bakı xalq təhsili baş idarəsi ümumitəhsil və texniki peşə məktəbləri şagirdlərinin peşəyönümü və əmək tərbiyyəsinin təkmilləşdirilməsi və texniki peşə məktəblərinin komplektləşdirilməsi haqda birgə əmr verirdilər. Texniki peşə məktəblərinin təlim emalatxanalarında 3 mindən çox məktəblinin əmək təliminə öyrədilməsi prosesi təşkil edilmişdi.

O zamankı texniki peşə məktəbləri şagirdlərinin Bakı şəhərində yaşayış binalarının həyətindəki boş sahələrdə, uşaq baxçalarında balacalar üçün meydançaların düzəldilməsi, burada müxtəlif oyun və idman avadanlıqlarının quraşdırılması, ümumiyyətlə şəhərin abadlaşdırılmasındakı fəaliyyətləri texniki peşə məktəblərinin nüfuzunu cəmiyyət arasında xeyli yüksəltmişdi. Bakı Texniki peşə Tədris-istehsalat Birliyi Bakının bütün məktəblərini peşə məktəblərinə şagird qəbulu, fəhlə ixtisasları haqqında və s. məlumatları əks etdirən sorğu-məlumat kitabları və plakatlarla təchiz edirdi. Bu gün isə orta ümumtəhsil məktəbləri ilə texniki peşə məktəbləri Təhsil Nazirliyinin tərkibində yerləşməsinə və eyni nazir müavininin idarəçiliyində olmasına baxmayaraq, onların arasında heç bir əlaqə olmadığı kimi, şagirdlər arası peşəyönümü işlərin təşkilatçılığı da yoxdur.

Məsələ burasındadır ki, texniki peşə sisteminin yuxarıda qeyd olunan obyektləri, həmçinin peşə məktəblərində nəzəri və istehsalat təliminin maddi-texniki bazası dağıdılıb. 15 il ərzində texniki peşə məktəblərinə lazımi qədər şagird gəlməməsinə “nail” olunduqdan sonra Təhsil Nazirliyi Bakı texniki-peşə məktəblərinin binalarının yarısını kənar təşkilatlara verdi. Yerdə qalanların bir hissəsində orta məktəblər, bir hissəsində isə qaçqınlar yerləşiblər. Bu minvalla, bu dövr ərzində Bakı şəhərinin texnikipeşə təhsili sisteminin ümumi sahəsi üç dəfə azalıb. Beləliklə, özləri acınacaqlı vəziyyətdə olan texnikipeşə məktəbləri məktəblilərə və onların valideynlərinə nə təklif edə bilər?!

9-cu sinif məzunları təhsillərini davam etdirmək üçün seçim qarşısında qaldıqda indiki texniki peşə məktəblərində arzuladıqları peşəni necə seçsinlər? Texniki peşə məktəblərində bir çox peşələr üzrə, birinci növbədə sənaye müəssisələri üçün fəhlə kadrları hazırlanmır. Çünki əmək bazarının tələb etdiyi səviyyədə kadr hazırlamaq bacarıqları yoxdur. Təhsil Nazirliyi isə belə ixtisaslı fəhlələrə ehtiyac olmadığını iddia edir. Halbuki bu gün Bakı sənaye müəssisələrinin ixtisasli fəhlə kadrlarına olan tələbatı Bakı texniki peşə məktəblərinin var qüvvəsi ilə çalışaraq hazırlaya biləcəklərindən də çoxdur.

Axı, hər kəs elə bir sənət seçmək istəyir ki, bu sənətə həmin regionda, şəhərdə ehtiyac olsun və öyrəndiyi sənətə uyğun iş ala bilsin. Məsələn, Bakı şəhərində inşaat işləri geniş vüsət alıb. Müdafiə Sənayesi Nazirliyinin müəssisələri inkişaf etməkdədir, neft sənayemiz genişlənir və onlara çoxlu miqdarda inşaatçılar, tornaçılar, çilingərlər, neftçilər və başqa ixtisaslı fəhlələr tələb olunur. Bu cür iş yerləri var və şagirdlər bu peşələrə yiyələnmək istəyirlər. Lakin bugünkü texniki peşə məktəblərində bu cür sənətkarlar hazırlamırlar. Ona görə ki, yüz illərdir, Azərbaycanda və bütün dünyada yeniyetmənin hər hansı bir peşəyə yiyələnməsi üçün onu usta yanına qoyardılar və o da məmulatın sadəsindən başlayaraq mürəkkəbinə doğru tam olaraq hazırlanma prosesini yeniyetməyə öyrədərdi. Dünyanın heç bir yerində fəhlə peşəsinə yiyələnməyin başqa metodu yoxdur. Təkcə bizim respublikadan başqa! Belə ki, bizim texniki peşə məktəblərimizdə şagirdlərin peşə təlimi prosesi məhsul hazırlanmadığı şətaitdə qurulur. Bu vəziyyət 15 ildir ki, davam edir.

“Təhsil haqqında” qanun layihısində nəzərdə tutulub ki, 9-cu sinif məzunları istəsələr texniki peşə məktəblərinə qəbul olub orada subbakalavr (orta təhsildən yuxarı və ali təhsildən aşağı) statusu ala bilərlər. Bununla yeniyetmələrə təklif olunur ki, onlar texniki peşə məktəblərində eyni vaxtda həm əmək bazarının tələb etdiyi mürəkkəb ixtisaslı fəhlə peşələrinə yiyələnsinlər, həm də orta təhsildən yuxarı təhsil proqramını (subbakalavr) mənimsəsinlər. Yuxarıda göstərildi ki, şagirdlər indiki texniki peşə məktəblərində ixtisaslı fəhlə peşələrinə yiyələnə bilmirlər. Subbakalavr statusuna gəlincə isə orta məktəb proqramını tam mənimsəməkdə özlərinə əmin olmadıqlarından texniki peşə məktəblərinə üz tutan 9-cu sinif məzunları bugünkü texniki peşə məktəblərində “subbakalavr” proqramını mənimsəyə biləcəklərmi?! İndiki texniki peşə məktəblərində nəzəri təlimin maddi-texniki bazasının yaradılması prosesinə son qoyulub və əvvəlki tək yeniləşmədiyindən dağılıb. Ona görə ki, şagirdlər istehsal təlimi prosesində (birinci növbədə təlim kabinetlərini təchiz etmək üçün) məsul istehsal etmirlər. Belə bir şəraitdə nəzəri təhsil vermək qeyri-mümkündür. Ona görə də bütün bu “subbakalavr” prosesi yeniyetmələri dövlət səviyyəsində aldatmaqdır. Yəni, onların çoxu təhsillərini bitirdikdən sonra bugünkü texniki peşə məktəblərində aldıqları orta təhsildən yuxarı təhsili test imtahanları vasitəsilə təsdiq etməyi bacaracaqlarmı?

Təhsil Nazirliyinin tərkibində texniki peşə təhsilinin gələcəyi yoxdur! Texniki peşə təhsili sisteminin kritik vəziyyətə düşməsinin başlıca səbəbi onun müstəqil olmamasıdır. 1988-ci ildə Təhsil Nazirliyini yaradaraq uşaq baxçalarını, məktəbləri, texnikumları, ali məktəbləri və texniki peşə məktəblərini bir yerə yığdılar. Lakin MDB dövlətlərinin çoxu texniki peşə təhsili sisteminin Təhsil Nazirliyinin tərkibində gələcəyinin olmadığını dərk edərək texniki peşə məktəblərini idarə edəcək müstəqil qurumlar yaratdılar.

Texniki peşə məktəbləri ümumi orta təhsil məktəblərinin əlavəsinə çevrilməkdən yaxa qurtarmalıdır. Onlar öz əsas işləri ilə - ümumi orta təhsil məktəblərinin məzunlarına peşə təhsili verməklə məşğul olmalıdırlar. Buna Milli Məclisdə qəbul olunacaq “Təhsil haqqında” qanuna məcburi ümumi orta təhsil, yəni 9 sinif təhsilinin mütləq olması haqda bəndin salınması səbəb ola bilər.

Bu gün texniki peşə məktəblərinin əvvəlki kimi baza müəssisələrinin olmadığı bir şəraitdə müəssisələrin və biznes strukturlarının ixtisaslı fəhlə kadrlarına olan sifariş-tələbnamələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Mərkəzlərində cəmləşmişdir. Bu səbəbdən Qırğızıstanda düzgün qərar çıxarıb, texniki peşə təhsilini idarə etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində müstəqil fəaliyyət göstərən qurum yaratdılar.

Bizim ölkəyə gəldikdə, ümid edirik ki, hökumət texniki-peşə təhsili sistemində özünün yaratdığı Tədris-istehsalat Birliyinin ləğv edilməsinin hüquqi cəhətdən qanuniliyini araşdıraraq, onu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində bərpa edəcək.

Copyright © 2009 Azerin LLC